BAKI, 6 dekabr — Sputnik. Noyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 104 nəfər qəbul edilib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Kliniki Tibbi Mərkəz məlumat yayıb.
Bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 38 nəfər dərmandan, 34 nəfər sirkə turşusundan, 14 nəfər dəm qazından zəhərlənən şəxslərdir.
"Həmçinin, səkkiz nəfər botulizm, üç nəfər allergik reaksiya, dörd nəfər göbələkdən, bir nəfər etanoldan, bir nəfər siçan dərmanından (rodentisid), bir nəfər yandırıcı məhluldan zəhərlənmə səbəbi ilə şöbəyə yerləşdirilib. Onların hər birinə zəruri tibbi yardım göstərilib, 99 nəfər kafi vəziyyətdə ambulator müalicə üçün evə buraxılıb. Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən beşi (üç nəfər kişi cinsli, iki nəfər qadın cinsli) dünyasını dəyişib", - məlumatda vurğulanıb.
Qeyd edilir ki, ölüm halları sirkə turşusu, botulizm və etanol zəhərlənmələrindən qeydə alınıb.
Xatırladaq ki, bu ilin oktyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 93 nəfər qəbul edilib, 4-ü ölüb.
Xəstələrdən 42 nəfər dərmandan, 20 nəfər sirkə turşusundan, beş nəfər göbələkdən, dörd nəfər ilan sancmasından, dörd nəfər botulizmdən, dörd nəfər etanoldan, bir nəfər layelladan zəhərlənən şəxslər olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.