BAKI, 5 dekabr — Sputnik. Macarıstan hökuməti Rusiya təbii qazının tədarükü üçün ödənişləri təmin etmək üçün ABŞ-dan "Qazprombank"ın sanksiyalar siyahısından çıxarılmasını istəyib.
Bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.
Nazir bildirib ki, bu məsələnin müzakirəsi ABŞ dövlət katibi Entoni Blinkenlə NATO xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşü çərçivəsində baş tutub. Siyarto qeyd edib ki, "Qazprombank"a qaz tədarükü ilə bağlı ödənişləri etməyə icazə vermək məqsədilə ABŞ-ın müvafiq strukturlarına rəsmi sorğu göndərilib.
O, bunda qeyri-adi bir şey olmadığını vurğulayaraq, bəzi Rusiya banklarının artıq oxşar istisnalar aldığını, xüsusən də ABŞ-a uran tədarükü üçün ödəniş etdiyini xatırladıb.
Bu yaxınlarda Siyarto deyib ki, çətin vəziyyətə baxmayaraq, Budapeşt və Moskva ABŞ-ın "Qazprombank"a qarşı tətbiq edilən sanksiyaları səbəbindən yaranan dörd problemdən üçünün həllini tapmağa nail olublar.