SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan ərazisinə UNESCO-nun missiya göndərməsinə icazə vermir-İcma sədri

Əziz Ələkbərov bildirib ki, Ermənistan qəbiristanlıqlarımızı, mədəni və dini abidələrimizi məqsədyönlü şəkildə məhv edərək, maddi və qeyri-maddi mədəni irsimizə ciddi zərbə vurub.
Sputnik
BAKI, 5 dekabr — Sputnik. "Bu tədbir Ermənistandan azərbaycanlıların zorla çıxarılmasına, tarixi və mədəni irsimizə vurulmuş zərərlərə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək, qayıdış hüququmuzun təmin edilməsi və ədalətli əsaslarla sülh və barışıq üzrə müzakirələr aparmaq üçün vacib bir platformadır".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının qayıdış hüququ mövzusunda təşkil etdiyi II beynəlxalq konfransın açılış sessiyasında Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əziz Ələkbərov deyib.
O qeyd edib ki, Ermənistan qəbiristanlıqlarımızı, mədəni və dini abidələrimizi məqsədyönlü şəkildə məhv edərək, maddi və qeyri-maddi mədəni irsimizə ciddi zərbə vurub: "Adət-ənənələrimiz, sosial bağlarımız və həyat tərzimiz böyük ziyan görüb. Ermənistan ölkə ərazisindəki Azərbaycan mədəni irsinin vəziyyətinin araşdırılması üçün UNESCO-nun missiya göndərməsinə icazə vermir. Ermənistanın monoetnik cəmiyyət yaratmaq siyasəti bölgənin zəngin etnik və dini müxtəliflik ənənələri və tarixi ilə ziddiyyət təşkil edir".
Əziz Ələkbərov onu da qeyd edib ki, ədalətin bərpası və bölgədə davamlı sülhün qurulması yalnız Qərbi azərbaycanlıların qayıdış hüququnun tanınması və təmin edilməsi ilə mümkündür.
"Bu prosesdə beynəlxalq ictimaiyyətin dəstəyi əvəzolunmazdır. Təəssüf ki, Ermənistan hökumətinin konstruktiv dialoqa hazır olmaması bu məsələni çətinləşdirir. Buna baxmayaraq, biz sülh və dialoq prinsipləri əsasında haqq işimizi davam etdirməkdə qərarlıyıq", - deyə o əlavə edib.
Ə.Ələkbərov bildirib ki, konfransın əsas mövzuları beynəlxalq hüquqda qayıdış hüququnun əsaslarının gücləndirilməsini, barışıq və sülh quruculuğunda ədalətin rolunun vurğulanmasını əhatə edir: "Tədbir zamanı, həmçinin, qayıdış prosesində təhlükəsizlik təminatlarının yaradılması və mülkiyyət hüquqlarının bərpası kimi vacib məsələlərə xüsusi diqqət yetiriləcəkdir. Bununla yanaşı, mədəni irsimizin qorunması və bərpası üçün beynəlxalq dəstəyin təmin edilməsi, habelə insan hüquqlarına universal yanaşmanın təşviqi və ikili standartların aradan qaldırılması müzakirələrin mərkəzində durur".