CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yağışlı günlərdə dörd nəfər həyatını itirib

DYPİ-dən bildirilib ki, xüsusilə havanın tez qaralması, yağıntılarla əlaqədar yolların sürüşkən olması piyadaların vurulması ilə nəticələnən yol qəzalarının sayına bilavasitə təsir göstərir.
Sputnik
BAKI, 4 dekabr — Sputnik. Yağışla müşahidə olunan son üç gün ərzində 4 nəfərin həlak olması, 4 nəfərin xəsarət alması ilə nəticələnən 7 piyadavurma hadisəsi qeydə alınıb ki, həmin qəzaların mütləq əksəriyyəti havanın qaranlıq vaxtı baş verib.
Bu barədə Sputnik Azərbaycan-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Piyadalara müraciətdə bildirilir ki, payız-qış mövsümü üçün xarakterik olan hava şəraiti digər hərəkət iştirakçıları kimi piyadalar üçün də bir sıra çətinliklər yaradır. Xüsusilə havanın tez qaralması, yağıntılarla əlaqədar yolların sürüşkən olması piyadaların vurulması ilə nəticələnən yol qəzalarının sayına bilavasitə təsir göstərir.
Bununla yanaşı, əksər hallarda piyadaların qeyri-sabit hava şəraitini düzgün qiymətləndirməməsi, daha çox sürücülərin məsuliyyətinə güvənərək yolu nəzərdə tutulmayan yerlərdən keçməsi, qəflətən yolun hərəkət hissəsinə çıxması, səki, eləcə də piyada keçidləri olduğu halda yolun hərəkət hissəsi ilə səyahətə üstünlük verməsi sonda xoşagəlməz hadisələrə gətirib çıxarır.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək onları hazırda ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraitini də nəzərə alaraq, yol hərəkəti qaydalarına sözsüz əməl etməyə, öz həyat və sağlamlıqlarına qarşı diqqətli olmağa çağırır.