CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təndirimiz UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib

Qərar UNESCO-nun Paraqvayın Asunsyon şəhərində keçirilən Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 19-cu sessiyasında verilib.
Sputnik
BAKI, 4 dekabr — Sputnik. Azərbaycanın təndir və çörəkbişirmə sənəti UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qərar UNESCO-nun Paraqvayın Asunsyon şəhərində keçirilən Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 19-cu sessiyasında verilib.
Sessiya dekabrın 7-dək davam edəcək.
Qeyd edək ki, Azərbaycanda q\dim zamanlardan bəri çörək, lavaş, müxtəlif ət xörəkləri, tərəvəzlər, şirniyyatlar və s. bişirmək üçün təndirdən geniş istifadə olunur.
Keşmişdə təndiri düzəltmək üçün sarı torpaqdan, samandan, at qılı və digər təbii vasitələrdən istifadə edilib. Onlar su ilə qarışdırılandan sonra təndirin badı (divarı) qoyulurdu. Təndirin dairəsi yuxarıya getdikcə kiçilir, badın qalınlığı, hamarlığı təndirqoyanın ustalığından asılı idi. Təndir qoyulub başa çatandan sonra o, yaxşı qurumalı idi. Təndirin çatlamaması, ovulmaması üçün onu üstüörtülü yerdə, çox vaxt sal daşların üstünə qoyurdular. Beləliklə, təndir nəmdən, yağışdan qorunurdu. Təndirin belində dəmir məftillə kəmər də qoyulurdu. Kəmərin üstündə təndirin içəri tərəfində xeyli çıxıntılar qoyulurdu. Bu çıxıntılar kabab şişini saxlamaq üçün qoyulurdu. Çünki təndir kababı kənd adamlarının ləziz xörəklərindən sayılırdı.
Yaxşı quruyan təndiri altından kəndir salıb bir neçə nəfərin köməyilə lazımi yerə aparır, onu boğazına qədər torpaq-daşla doldurur, aşağıda külfə qoyurdular. Əvvəlcə təndirin içinə az-az təzək qoyub yandırırdılar. Yanacağı tədricən artırırdılar. Çünki təndirin badı hər an çat verə bilərdi. Təndirin istiyə davamlılığını tam yəqinləşdirəndən sonra orada çörək bişirmək olardı. Təndirin üstünə iki barmaq enində təxminən 1 m uzunluğunda dəmir çubuq qoyurdular. Buna el arasında xəçirgət deyirdilər. Təndirin ağzına saç (qapaq, dairəvi olurdu) qoyurdular. Təndirin başında dördayaq, oxlov, rəfətə, təndirin koxasını qoyurdular. Təbii ki, çörəkbişirmə zamanı ev qadını bunlardan istifadə edirdi.
Kənddə adətən iki növ təndirdən (böyük təndir, ocaq təndiri) istifadə edirdilər. Birincidə təndir çörəyi, lavaş, fətir, kətə, qatlama bişirirdilər. İkinci növ təndir (ocaq təndiri) nisbətən balaca idi. Ondan əsasən xörək bişirəndə istifadə edirdilər.
Son dövrlərdə təndir və təndir xörəkləri hətta iri şəhərlərdə də populyarlaşmağa başlayıb. Təndir çörəyi və yeməkləri xüsusi ətri və dadı ilə hər kəsi, o cümlədən ölkəyə gələn əcnəbi qonaqları belə cəlb edir.