SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rusiya və Azərbaycan ekologiya sahəsində işçi qrupu yaratmaq niyyətindədir

R.Mustafayev Dumanın sədr müavinini məlumatlandırıb ki, 2025-ci il Rusiyada Azərbaycan Mədəniyyəti İli olacaq.
Sputnik
BAKI, 4 dekabr — Sputnik. Rusiya və Azərbaycan Xəzər dənizinin dayazlaşması probleminə və onun bioloji resurslarının qorunmasına xüsusi diqqət yetirərək ekologiya sahəsində əməkdaşlıq üçün işçi qrupu yaratmaq niyyətindədir.
Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu məsələ Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayevin Dövlət Dumasının sədr müavini Aleksey Qordeyevlə görüşündə müzakirə olunub.
Görüş zamanı tərəflər Rusiya və Azərbaycan arasında münasibətlərin bu gün strateji tərəfdaşlıq və müttəfiqlik istiqamətində ardıcıl inkişaf etdiyini vurğulayıblar.
Qeyd edilib ki, bu münasibətlər qarşılıqlı hörmət və mehriban qonşuluq ənənələrinə əsaslanır və əməkdaşlığın əsas prioritetləri 2022-ci il fevralın 22-də Moskvada imzalanmış "Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə"də öz əksini tapıb.
Bundan əlavə, dövlətlərarası təmasların bütün səviyyələrdə çox intensiv olduğu vurğulanıb. Səfirimiz cari ildə 50-dən çox qarşılıqlı ali və yüksək səviyyəli səfərlərin həyata keçirildiyini qeyd edib.
Xüsusilə iqtisadi sahədə bir sıra mühüm razılaşmaların əldə edildiyi vurğulanıb. Buraya yanacaq-enerji kompleksi sahəsində layihələrin inkişafı, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin genişləndirilməsi, həmçinin Sankt-Peterburq Universiteti və Azərbaycan ali məktəbinin bazasında Bakıda birgə Azərbaycan-Rusiya universitetinin paritet əsaslarla yaradılması daxildir.
Görüşdə iki ölkə arasında mədəni əməkdaşlıq məsələlərinə də toxunulub. R.Mustafayev Dumanın sədr müavinini məlumatlandırıb ki, 2025-ci il Rusiyada Azərbaycan Mədəniyyəti İli olacaq. Səfir bildirib ki, bu çərçivədə keçiriləcək tədbirlər, layihələr iki ölkə və xalqın daha da yaxınlaşmasına töhfə verəcək.