BAKI, 4 dekabr — Sputnik. Daşkənd hesab edir ki, Səudiyyə Ərəbistanı Özbəkistan, Azərbaycan və Qazaxıstanın iştirakı ilə Avropaya yaşıl enerji təchizatı layihəsinə cəlb oluna bilər. Bunu Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov bildirib.
Noyabrda Özbəkistan, Azərbaycan və Qazaxıstan prezidentləri Şavkat Mirziyoyev, İlham Əliyev və Kasım-Jomart Tokayev yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar. Layihə üç ölkənin milli enerji şirkətlərinin iştirakı ilə birgə müəssisənin yaradılmasını nəzərdə tutur. Layihənin texniki-iqtisadi əsaslandırması İtaliyanın CESI şirkəti tərəfindən hazırlanacaq.
Özbəkistan tərəfinin bildirdiyinə görə, Özbəkistandan yaşıl elektrik enerjisinin tədarükü marşrutu Qazaxıstan, Azərbaycan, Gürcüstandan keçərək, Qara dənizin dibi ilə Rumıniyadan vasitəsilə Avropaya keçəcək.
"Səudiyyə tərəfinin bu layihəyə daxil olmasının mümkünlüyünü öyrənmək üçün bu layihənin həyata keçirilməsi üzrə yol xəritəsi imzalanıb" - Mirzəmahmudov "Özbəkistan 24" telekanalına müsahibəsində bildirib.
Nazir qeyd edib ki, layihənin texniki-iqtisadi əsaslandırmasında elektrik enerjisi təchizatının həcmləri, layihənin texniki parametrləri və tərəflərin paylı iştirakı razılaşdırılacaq.
"Azərbaycan və Gürcüstan da öz elektrik enerjisini ixrac edə biləcək" - Mirzəmahmudov əlavə edib.
Avqustda Mirzəmahmudov bəyan edib ki, Özbəkistan Azərbaycan və Qazaxıstanla yaradılacaq enerji dəhlizi üzrə 2030-cu ilə qədər Avropa ölkələrinə 5 GVt-a qədər yaşıl enerji ixrac etməyə hazırdır.