BAKI, 4 dekabr — Sputnik. Ödənişli avtomagistrallardan istifadə qaydalarının pozulmasına görə yeni cərimələr tətbiq ediləcək.
Bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni -352-1-ci maddəsində əksini tapıb.
Layihəyə əsasən, ödəniş məntəqələrindən keçmədən kənar yollardan (yerlərdən) istifadə etməklə, habelə ödənişsiz gediş hüququna malik istifadəçilər üçün müəyyən edilmiş xidməti keçid zolağından belə hüququ olmayan istifadəçilər tərəfindən ödənişli avtomagistrallara daxil olmağa və ya oradan çıxmağa görə yüz əlli manat məbləğində cərimə edilir.
Buraxılış məntəqələrinin normal işinə mane olmağa, o cümlədən buraxılış məntəqələrində nəqliyyat vasitələrinin keçidini bağlamağa, gediş üçün maneəni özbaşına götürməyə (şlaqbaumu açmağa) görə iki yüz manat məbləğində cərimə ediləcək.