BAKI, 4 dekabr — Sputnik. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti "Hövsan bazarı" kimi tanınan ticarət mərkəzini və onun ətrafını su basmasını əks etdirən görüntülərə aydınlıq gətirib.
Qurumun mətbuat katibi Ceyhun Musaoğlu Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "Hövsan Ticarət Mərkəzi" adlanan ərazi Elman Qasımov küçəsidir. Orada mərkəzləşmiş kanalizasiya sistemi olsa da, borunun diametri kiçikdir. Ona görə də, yağış yağanda ətraf su ilə dolur. C.Musaoğlu sözügedən ərazidə ətrafa yayılan suyun təmizlənməsi işlərinin davam etdiyini söyləyib.
Qeyd edək ki, sosial şəbəkələrdə görüntülərdə "Hövsan bazarı"nın yağan yağışlardan sonra suyun içərisində olduğunu əks etdirən görüntülər yayılıb. Satıcılar suyun içərisində qalan piştaxtaların arxasında ayaqları suda alver etdiklərini söyləyiblər. Onlar hər yağışdan sonra bazarın su ilə dolduğundan şikayətləniblər.
Bazarın yanında fəaliyyət göstərən "Ballı market"in qarşısından keçən yol da illərdir kanalizasiya suları ilə dolu olur. Yağış yağandan sonra kanalizasiya sularının daşması səbəbindən bir neçə gün həmin yolda hərəkət həm piyadalar, həm də avtomobillər üçün çətinləşir. Lakin əlaqədar dövlət qurumları problemi kökündən həll etməkdənsə, yağışdan-yağışa yola toplanmış suyu çəkməklə kifayətlənirlər.