HADİSƏ

"Günəşli" neft yatağında faciə: Neftçi qəfil vəfat edib - Foto

Yaxınları onun növbədən çıxmağına 1 gün vaxtının qaldığını bildiriblər.
Sputnik
BAKI, 4 dekabr — Sputnik. Xəzər dənizində yerləşən "Günəşli" neft yatağında neftçi qəfil vəfat edib. Sputnik Azərbaycan-a neftçinin ölümünü "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı təsdiqləyib.
O, bildirib ki, yatağın 15 nömrəli platformasında qazmaçı işləyən Siyəzən rayonu Yenikənd kənd sakini Fərzəliyev Elman Əlikram oğlu dünən səhər saatlarında ürəktutmadan dünyasını dəyişib. Yaxınları onun növbədən çıxmağına 1 gün vaxtının qaldığını bildiriblər.
M. Qəhrəmanlı mərhumun ürəyinə bir müddət öncə stend qoyulduğunu söyləyib.
Qeyd edək ki, bu gün "Günəşli" neft yatağındakı faciədən 9 il ötür. 2015-ci ilin 4 dekabr tarixində neft yatağının10 saylı dərin dəniz özülündə baş vermiş yanğın nəticəsində 16 nəfər dünyasını dəyişib, 17 nəfər itkin düşüb. Həmin ilin 6 dekabr tarixində Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda matəm günü elan olunub.