BAKI, 4 dekabr — Sputnik. Ermənistanın KTMT platforması ilə bağlı müzakirələrdə iştirak etməməsi təşkilatın işinin effektivliyinə təsir göstərmir, Ermənistan KTMT-nin müttəfiqi olaraq qalır. Bunu təşkilatın baş katibi İmanqali Tasmaqambetov deyib.
"Təşkilatımızda gedən bütün bu məsələlərin müzakirəsində Ermənistanın iştirak etməməsi işimizin səmərəliliyinə təsir etmir, lakin Ermənistan bizim müttəfiqimizdir və onun qarşısında bütün öhdəliklərimiz qüvvədə qalır", Tasmaqambetov deyib.
O vurğulayıb ki, Ermənistan istənilən vaxt təşkilatın işində tam iştiraka qayıda bilər;
Noyabrın 28-də Qazaxıstanda KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclası keçirilib, Ermənistan bu tədbirdə iştirak etməyib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova daha əvvəl bəyan etmişdi ki, Ermənistan hələ də təşkilatın tamhüquqlu üzvü olaraq qalır və bütün hüquq və öhdəliklərini özündə saxlayır.
2024-cü ilin fevralında Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin KTMT-də iştirakını dondurduğunu elan edib. Ermənistan təşkilatın büdcəsinə öz töhfəsini verməyi, təşkilatın tədbirlərinə və təlimlərinə nümayəndələrini göndərməyi dayandırıb.