BAKI, 4 dekabr — Sputnik. Dekabrın 4-də Bakı şəhəri 329 nömrəli tam orta məktəbdə tənəffüs vaxtı (saat 12:10 radələrində) X sinif şagirdi digər şagirdə (müvafiq səbəbdən şagirdlərin adı qeyd olunmur) qəfildən kəsici alətlə xəsarət yetirib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Xəsarət alan şagirdə müvafiq tibbi yardım göstərilib, dərhal təcili-tibbi yardıma və şagirdlərin valideynlərinə məlumat verilib.
Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, müvafiq araşdırmalara başlanılıb. Həmçinin hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır.
"İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur" - açıqlamada bildirilib.