BAKI, 3 dekabr — Sputnik. Rusiyanın regionlarını Azərbaycanla birləşdirən "Qafqaz" avtomobil yolu bir neçə il ərzində dörd zolağa qədər genişləndiriləcək.
Bu barədə "Qafqaz" Federal Avtomobil Yolları İdarəsi" Federal Dövlət Müəssisəsinin rəhbəri Aleksandr Lukaşuk Pyatiqorskda jurnalistlərə bildirib.
"Bu gün bizim prioritetimiz Rusiya Federasiyasının subyektlərini və xarici dövlətləri birləşdirən "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinə daxil olan R-217 "Qafqaz" əsas yoludur. Bütün "Qafqaz" avtomobil yolu 2030-cu ilə qədər dördzolaqlı olacaq", - Federal Dövlət Müəssisəsinin rəhbəri qeyd edib.
Lukaşukun sözlərinə görə, "Qafqaz" avtomobil yolu ilə ən böyük turist axını və yük daşımaları həyata keçirilir, buna görə də bu istiqamətə xüsusi diqqət yetirilir.
Avtomobil yolla yanaşı, onun üzərindəki körpülər də genişləndiriləcək.
"Biz Kabarda-Balkarda artıq iki körpüdə qrafikdən əvvəl işlərin icrasına başlamışıq. Bu gün Kabarda-Balkar Respublikasında daha iki süni tikinti qurğusu hazırlanır. Müvafiq olaraq Dağıstan və Çeçenistanda da bir qurğu tikilir", - Lukaşuk bildirib.
Rusiya Federasiyası ilə Azərbaycan sərhədində yüklərin həcmi artıb
Ötən həftə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Rusiya-Azərbaycan sərhədində yüklərin həcminin 5 dəfə artdığını söyləyib.
"Rusiya-Azərbaycan sərhədində yüklərin həcmi çox ciddi şəkildə, beş dəfə artıb. Biz hökumətdə hər zaman beynəlxalq keçid məntəqələrimizin təkmilləşdirilməsinə və modernləşdirilməsinə böyük diqqət yetiririk", - Overçuk bildirib.
Aleksey Overçuk
© Sputnik / Murad Orujov
Rusiya Baş nazirinin müavini onu da vurğulayıb ki, Xəzər sahili boyunca Rusiyadan Azərbaycan vasitəsilə İrana qərb nəqliyyat marşrutu fəal inkişaf edir.
"Burada artıq Rusiya sərhədindən İran sərhədinə qədər müasir avtomobil yolu fəaliyyət göstərir", - Overçuk qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.