AZƏRBAYCAN XƏBƏRLƏRİ

Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsi II oxunuşda qəbul edilib

Vurğulanıb ki, 2025-ci ilin dövlət büdcəsi layihəsi milli iqtisadiyyatın artım və inkişaf meyllərini, milli inkişaf prioritetlərindən irəli gələn sosial-iqtisadi hədəfləri özündə əks etdirir və onların reallaşdırılması üçün maliyyə təminatı yaradır.
Sputnik
BAKI, 3 dekabr— Sputnik. Milli Məclis "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib ki, 2025-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin büdcə qanunvericiliyinin tələblərinə, ölkənin strateji sənədlərinin müddəalarına cavab verdiyi müəyyən edilib.
Azər Əmiraslanov
Komitə sədri bildirib ki, deputatlar büdcə zərfinin birinci oxunuşunda çoxsaylı çıxışlar edib, təkliflər irəli sürüb, layihəni konseptual olaraq dəstəkləyiblər:

"Bu, büdcə müzakirələrinin parlament formatına xas olmaqla təbii qiymətləndirilir. Lakin etiraf etmək lazımdır ki, bütün gözləntilərin gələn il üçün təqdim olunan büdcə zərfi vasitəsilə reallaşdırılması qeyri-mümkündür. Nəzərə almalıyıq ki, büdcə prosesi sadəcə bir illə məhdudlaşmır, davamlı, uzunmüddətli xarakter daşıyır. Bu səbəbdən də təmilləşməyə məruz qalır. Bu illər ərzində belə bir təkmilləşmə üçün uzun bir yol qət edilib”.

Onun sözlərinə görə, 2025-ci ilin büdcə zərfində rifaha və iqtisadi artıma yönəlmiş xərclər bir-birini tamamlayır:
“İqtisadiyyatın şaxələndirilməsi üçün böyük layihələr nəzərdə tutulur. Büdcə zərfi Böyük Qayıdışın reallaşdırılmasına, bu sahədə canlanmaya öz töhfəsini verəcək”.
Vurğulanıb ki, 2025-ci ilin dövlət büdcəsi layihəsi Prezidentin müəyyən etdiyi strateji vəzifələri və təşəbbüsləri, yeni dövrün çağırışlarını, milli iqtisadiyyatın artım və inkişaf meyllərini, milli inkişaf prioritetlərindən irəli gələn sosial-iqtisadi hədəfləri özündə əks etdirir və onların reallaşdırılması üçün maliyyə təminatı yaradır.
Qeyd edilib ki, ölkənin strateji valyuta ehtiyatları 73 milyard dollar təşkil edir. 2024-cü ilin on ayında müşahidə olunan müsbət makro-iqtisadi meyllər 2025-ci il üzrə proqnozlar üçün pozitiv əsaslar yaradır. Proqnozlara görə, növbəti ildə ümumi daxili məhsul (ÜDM) 3,5 faiz, qeyri-neft-qaz üzrə ümumi daxili məhsul 4,9 faiz artacaq. ÜDM-də qeyri-neft-qaz sektorunun payının 68 faizdən 71,3 faizə çatacağı gözlənilir. Adambaşına ÜDM-in 2025-ci ildə 7412 ABŞ dolları təşkil edəcəyi proqnozlaşdırılır.
"Büdcə gəlirlərinin 49 faizi neft, 51 faizi isə qeyri-neft gəlirlərinin hesabına formalaşacaq"
Komitə sədri qeyd edib ki, dövlət büdcəsinin gəlirləri 38,3 milyard manat, xərcləri 41,4 milyard manat, kəsiri isə 3 milyard 52 milyon manat proqnozlaşdırılır:

"Büdcə gəlirlərinin 49 faizi neft, 51 faizi isə qeyri-neft gəlirlərinin hesabına formalaşacaq. Gəlirlərin 15,5 milyard manatı Dövlət Vergi Xidmətinin, 14,5 milyard manatı Dövlət Neft Fondundan transfertin, 6,6 milyard manatı Dövlət Gömrük Komitəsinin, 840 milyon manatı büdcə təşkilatlarının daxilolmalarının, 895 milyon manatı digər gəlirlərin payına düşür".

Diqqətə çatdırılıb ki, büdcənin əsas xərc istiqamətlərindən biri əhalinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı olacaq:
"Sosialyönümlü xərclərin 8,8 faiz artırılaraq 16,9 milyard manata çatması və dövlət büdcəsi xərclərinin 41 faizini təşkil etməsi sosial siyasətin prioritetliyini ifadə edir. Büdcə zərfinə daxil olan sosial paketin təhlili göstərir ki, şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının sosial müdafiəsi sahəsində dövlət siyasəti, onlara dövlətin diqqət və qayğısı növbəti ildə də davam etdiriləcək. Eyni zamanda, çoxşaxəli artımları nəzərdə tutan sosial tədbirlər paketi həyata keçiriləcək. Növbəti ildə minimum əməkhaqqının və minimum pensiyanın artırılması, sosial müavinətlər və təqaüdlər istiqamətində addımların atılması, pensiyaların indeksləşdirilməsi planlaşdırılır. Ümumilikdə sosial paket 3 milyon insanı əhatə edəcək".
Qeyd olunub ki, əhalinin rifahı ilə bağlı dövlət siyasəti özünü digər xərc istiqamətlərində də büruzə verir:
"Məsələn, iqtisadi fəaliyyətlə bağlı xərclərdə bir sıra dövlət şirkətlərinə subsidiyaların nəzərdə tutulmasının əsas səbəblərindən biri vətəndaşlara göstərilən bəzi xidmətlərin tariflərinin aşağı həddə saxlanılmasıdır. Ötən illər ərzində ölkəmizdə sosial və iqtisadi siyasətin əlaqələndirilməsi və uzlaşdırılması Prezident İlham Əliyevin müəyyən etdiyi əsas prinsip olaraq uğurlu şəkildə həyata keçirilib. Bunun nəticəsidir ki, 2003-2023-cü illər ərzində Azərbaycanda yoxsulluğun səviyyəsi 44,7 faizdən 5,2 faizə, işsizliyin səviyyəsi 9,2 faizdən 5,5 faizə endirilib".
Komitə sədri söyləyib ki, büdcə layihəsi və müvafiq proqnozlar hazırlanarkən 2022-2026-cı illərdə sosial-iqtisadi İnkişaf Strategiyasında müəyyən edilmiş məqsədlər və hədəflər nəzərə alınıb. Post-müharibə dövründə Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işləri əsas prioritetlərdəndir. Növbəti ilin dövlət büdcəsi layihəsində bu məqsədlər üçün 4 milyard manat nəzərdə tutulub.
"Neftin qiyməti 70 dollardan götürülüb"
Bildirilib ki, 2025-ci ilin dövlət büdcəsi layihəsi tərtib edilərkən neftin qiyməti 70 dollar götürülüb:

"Büdcə layihəsində müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə 8,4 milyard manat nəzərdə tutulur ki, bu da 2024-cü illə müqayisədə 17,8 faiz çoxdur. Azərbaycan hərbi xərclərini artırmaqla yanaşı, digər sosial və infrastruktur xərclərini məhdudlaşdırmır. Hərbi xərclərin artırılması digər mühüm istiqamətlər üzrə xərc artımı fonunda baş verir. Hərbi xərclər büdcə məxaricinin 20,3 faizini təşkil etdiyi halda, sosialyönümlü xərclər 41 faizini, iqtisadi fəaliyyətlə bağlı xərclər 21 faizini təşkil edir".

Azər Əmiraslanov deyib ki, ölkəmizdə sosial rifah, iqtisadi artım, investisiya qoyuluşu təkcə büdcə xərcləri hesabına təmin edilməməli, özəl sektorun sosial-iqtisadi inkişafa töhfəsi daha da artmalı, dövlət-özəl sektor tərəfdaşlığı genişləndirilməlidir.
O, növbəti ilin büdcə layihəsinin ölkəmizin iqtisadi inkişafına, sosial rifaha və milli maraqlarımıza xidmət etdiyini, növbəti ildə dövlətin funksiyalarının, mühüm strateji və cari vəzifələrin həyata keçirilməsi üçün müvafiq maliyyə təminatını yaratdığını vurğulayıb.
Müzakirələrdən sonra sənəd səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Xatırladaq ki, maliyyə naziri Samir Şərifov parlamentdə çıxış edərək bildirib ki, dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icra olunması 2025-ci ilin dövlət büdcəsi layihəsi hazırlanarkən əsas götürülüb. Belə ki, “Azərbaycan Respublikasının 2030-cu ilədək sosial-iqtisadi inkişafına dair Milli Strategiya”nın prioritetlərinə söykənən “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın məqsədlərinin reallaşdırılması, o cümlədən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası və yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması və onlara layiqli həyat şəraitinin yaradılması, işğaldan azad olunmuş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası, ölkənin müdafiə və milli təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, əhalinin etibarlı sosial təminatının gücləndirilməsi ümdə vəzifələr olaraq qarşıya qoyulub.
Samir Şərifov
Qeyd edilib ki, 2025-ci ilin dövlət büdcəsində xərclərin üçdə ikisi məhz yuxarıda qeyd olunan prioritet istiqamətlərin maliyyələşdirilməsi üçün ayrılacaq. O cümlədən Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsinə 4 milyard manat həcmində vəsaitin ayrılması nəzərdə tutulur. Ölkəmizin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyin təmin edilməsi və ordu quruculuğunun daha da modernləşdirilməsi, dövlət sərhədlərinin qorunması, hərbi-sənaye kompleksinin inkişafı xərclərinə 8,4 milyard manat məbləğində vəsait yönəldiləcək.
Nazir diqqətə çatdırıb ki, 2025-ci ildə sosialyönümlü xərclər 16,9 milyard manat təşkil edəcək. Sosialyönümlü xərclərin əsasını təşkil edən əməkhaqqının, pensiya və sosial müavinətlərin artırılması üçün dövlət büdcəsində müvafiq vəsait nəzərdə tutulub. Növbəti ildə əhalinin sosial cəhətdən həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsi və sosial təminat xərcləri üçün 4,8 milyard manat, ünvanlı dövlət sosial yardım üçün 457 milyon manat, keçmiş məcburi köçkünlərin sosial müdafiəsi üçün 311 milyon manat vəsait ayrılacaq.
Bildirilib ki, büdcə layihəsində təhsil xərclərinə 4,9 milyard manat ayrılması proqnozlaşdırılır və bu, 2024-cü illə müqayisədə 395,7 milyon manat və ya 8,7 faiz çoxdur. Valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, əlil olmuş şəxslərin və keçmiş məcburi köçkünlərin övladları olan tələbələrin, müharibə veteranlarının ali təhsil xərclərinin dövlət hesabına ödənilməsi üçün 41 milyon manat vəsait ayrılacaq.
Nazir bildirib ki, səhiyyə xərcləri üçün dövlət büdcəsindən 1,9 milyard manat vəsait nəzərdə tutulur ki, bu, 2024-cü illə müqayisədə 7,1 faiz çoxdur. Bu vəsaitin 1,2 milyard manatı və yaxud 63,4 faizi dövlətin əhalinin icbari tibbi sığortalanması ilə bağlı xərclərinin payına düşür.
Samir Şərifov çıxışının sonunda bildirib ki, 2025-ci il üçün dövlət və icmal büdcələrinin layihələri Prezident İlham Əliyevin qarşıdan gələn ortamüddətli dövr üçün müəyyən etdiyi sosial-iqtisadi kursa uyğun olaraq, ölkəmizin müdafiəsinin və milli təhlükəsizliyinin, Böyük Qayıdışın təmin edilməsinin, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan dövlətimizin hərtərəfli inkişafının və digər əsas prioritet hədəflərinin həyata keçirilməsinin növbəti ildə maliyyə çərçivəsini və təminatını formalaşdırır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.