CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Komitə sədri: "Bütün gözləntilərin gələn ilin büdcə zərfi ilə reallaşması qeyri-mümkündür"

Komitə sədri bildirib ki, deputatlar büdcə zərfinin birinci oxunuşunda çoxsaylı çıxışlar edib, təkliflər irəli sürüb, layihəni konseptual olaraq dəstəkləyiblər.
Sputnik
BAKI, 3 dekabr— Sputnik. “2025-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin büdcə qanunvericiliyinin tələblərinə, ölkənin strateji sənədlərinin müddəalarına cavab verdiyi müəyyən edilib”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Komitə sədri bildirib ki, deputatlar büdcə zərfinin birinci oxunuşunda çoxsaylı çıxışlar edib, təkliflər irəli sürüb, layihəni konseptual olaraq dəstəkləyiblər:

"Bu, büdcə müzakirələrinin parlament formatına xas olmaqla təbii qiymətləndirilir. Lakin etiraf etmək lazımdır ki, bütün gözləntilərin gələn il üçün təqdim olunan büdcə zərfi vasitəsilə reallaşdırılması qeyri-mümkündür. Nəzərə almalıyıq ki, büdcə prosesi sadəcə bir illə məhdudlaşmır, davamlı, uzunmüddətli xarakter daşıyır. Bu səbəbdən də təmilləşməyə məruz qalır. Bu illər ərzində belə bir təkmilləşmə üçün uzun bir yol qət edilib”.

Onun sözlərinə görə, 2025-ci ilin büdcə zərfində rifaha və iqtisadi artıma yönəlmiş xərclər bir-birini tamamlayır: “İqtisadiyyatın şaxələndirilməsi üçün böyük layihələr nəzərdə tutulur. Büdcə zərfi Böyük Qayıdışın reallaşdırılmasına, bu sahədə canlanmaya öz töhfəsini verəcək”.
Qeyd edək ki, Milli Məclisdə "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirə edilir.
Dövlət büdcəsinin gəlirləri 38,3 milyard manat, xərcləri 41,4 milyard manat, kəsiri isə 3 milyard manat proqnozlaşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.