SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov İranda keçirilən iclasda çıxış edib

Nazir İƏT Regionunda dayanıqlı artım və inkişafı təmin etmək üçün 2025-ci il İƏT Visionuna uyğun gələcək planlar və layihələrdən bəhs edib.
Sputnik
BAKI, 3 dekabr — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın Məşhəd şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının 28-ci iclasında çıxış edib.
C.Bayramov İƏT çərçivəsində iqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, ətraf mühit, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlığın sektorlar üzrə inkişafı ilə bağlı Azərbaycanın perspektivləri barədə danışıb.
Nazir, həmçinin İƏT regionunda "ECO Vision 2025"ə uyğun olaraq davamlı artım və inkişafın təmin edilməsi üçün gələcək planlar və layihələrdən bəhs edib.
O qeyd edib ki, yaranan regional çağırışlar fonunda nəzərəçarpacaq nəticələrə nail olmaq üçün əməkdaşlıq potensialından istifadə mühüm əhəmiyyət kəsb edir:

"Bölgəmizin xüsusilə nəqliyyat və kommunikasiya sahələrindən, strateji coğrafi və geosiyasi xüsusiyyətlərindən istifadə edən Azərbaycan nəqliyyat infrastrukturunun və dəhlizlərin imkanlarının genişləndirilməsini təmin etmək üçün əlaqələrin gücləndirilməsində mühüm rol oynayır".

Tədbirdə İƏT-ə üzv ölkələr - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Pakistan, Tacikistan və İranın xaric işlər nazirləri iştirak edirlər.
Dekabrın 2-də başlamış iclasda İƏT-ə üzv ölkələrin səfirləri, xarici işlər nazirlərinin müavinləri və ekspertləri müxtəlif iqtisadi, mədəni və sosial sahələrdə əməkdaşlığa dair sənədlərin layihələrini müzakirəyə hazırlayıblar. Həmin sənədlər bu gün, dekabrın 3-də xarici işlər nazirləri tərəfindən təsdiqlənəcək.
Xatırladaq ki, Azərbaycan xarici siyasət idarəsinin rəhbəri Ceyhun Bayramov toplantıya qatılmaq üçün İrana səfər edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.