BAKI, 2 dekabr — Sputnik. Azərbaycanda payızlıq əkinlərin bəyanı davam edir.
Kənd Təsərrüfatı Nazirliyindən Sputnik Azərbaycan-a bildiriblər ki, fermerlər əkinləri bəyan etmək üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) yaratdıqları şəxsi kabineti aktivləşdirməli, öz torpaq və əkin məlumatlarını müvafiq bölmələrə daxil etməlidir.
Payızlıq əkinlərin bəyan müddəti 2024-cü il dekabrın 30-da başa çatır. Bu tarixədək əkin və torpaq məlumatlarını, digər tamamlayıcı sənədləri (torpaq analizinin nəticələri, aqrar sığorta müqaviləsi və s.) sistemə daxil etməyən şəxslərin subsidiya ilə bağlı elektron ərizəsi formalaşmayacaq və onlara subsidiya ödənişi həyata keçirilməyəcək.
Əkinləri bəyan edərkən hər hansı çətinliklə üzləşə biləcək fermerlər texniki dəstək üçün Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM), Xaçmaz və Yevlax KOB evlərinə, eləcə də regional "ASAN xidmət" mərkəzlərinə müraciət etməklə payızlıq əkinləri bəyan edə bilərlər. Bəyan dövründə əkinin dəyişdirilməsi ehtimalı varsa, fermerlər bəyanı daxil etdikdən sonra "Müraciət et" düyməsinə sıxmadan 30 dekabr tarixinə kimi bəyanı dəyişdirə bilərlər. Bəyan edilən bitkinin dəyişdirilməsi nəzərdə tutulmursa, fermerlər bəyanla eyni gündə "Müraciət et" düyməsinə sıxmaqla müraciətini yekunlaşdıra bilər. Əkin subsidiyasına müraciət bitkinin bəyan edilməsi, torpaqdan istifadə hüququnun təsdiqlənməsi, müraciətin edilməsi ardıcıllığına uyğun aparılır.
Fermerlər öz elektron kabinetləri vasitəsilə müraciətləri ilə bağlı proseslərin qeyd edilən ardıcıllığa uyğun aparılıb-aparılmadığını izləyə, problem müəyyən etdikdə DAİM-ə müraciət edə bilərlər.
Qeyd edək ki, bəyanların vaxtında edilməsi monitorinqlərin sürətli və operativ təşkilinə, əkin subsidiyasının qısa zamanda ödənilməsinə imkan yaradır. Monitorinq zamanı aşkarlanmış yanlış bəyan fermer üçün subsidiyanın az ödənilməsi, yaxud 1 və ya 2 il ödənilməməsi ilə nəticələnə bilər. Ödəniş aparıldıqdan sonra bilərəkdən yanlış bəyan müəyyən edilərsə, İnzibati Xətalar Məcəlləsinin 411-2-ci maddəsinə əsasən cərimə tətbiq oluna bilər.
Respublika üzrə payızlıq əkinlərin bəyanına 2024-cü il sentyabrın 1-dən start verilib. Fermerlərə əkinlərini bəyan etməsi üçün 4 ay vaxt verilir.
Subsidiya almaq üçün nə etməli?
Qeyd edək ki, subsidiyaların verilməsi 2020-ci ildən başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən (https://www.eagro.az/) həyata keçirilir. Subsidiyalar artıq çoxsaylı kağız sənəd toplamadan, yalnız fermerin təqdim etdiyi torpaq sənədləri və əkin bəyanı əsasında verilir. Fermerlər bunun üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçməlidirlər. Əkin subsidiyasının əldə edilməsi üçün 1 sentyabrdan başlayaraq 30 dekabr tarixinə qədər payızlıq əkinlər bəyan olunmalıdır. Fermerlər eagro.az saytı vasitəsi ilə onlayn şəkildə bilavasitə özləri və ya Dövlət Aqrar İnkişaf Mərkəzləri, Xaçmaz və Yevlax KOB (kiçik və orta biznes) evlərinə, eləcə də regional ASAN xidmət mərkəzlərinə müracət etməklə payızlıq əkinləri bəyan edə bilərlər.
Vaxtında edilməyən və ya yanlış edilən bəyan nəticəsində fermerlərə əkin subsidiyası ödənilməyəcək. Bəyanların vaxtında edilməsi monitorinqlərin sürətli və operativ təşkilinə, əkin subsidiyasının qısa zamanda ödənilməsinə imkan yaradacaq. Monitorinq zamanı aşkarlanmış yanlış bəyan fermer üçün subsidiyanın az ödənilməsi, yaxud 1 və ya 2 il ödənilməməsi halı ilə nəticələnə bilər. Ödəniş aparıldıqdan sonra bilərəkdən yanlış bəyan müəyyən edilərsə, İnzibati Xətalar Məcəlləsinin əsasən cərimə tətbiq oluna bilər.
Subsidiyalar "Fermer kartı"larına köçürülür. Fermerlər qanunvericiliyə uyğun olaraq, karta köçürülmüş vəsaitin 25 faizini bankomatlar vasitəsilə nağdlaşdıra, 75 faizini isə qeyri-nağd şəkildə kənd təsərrüfatı istehsal vasitələri, o cümlədən mineral gübrə, pestisid, bihomus, herbisid, toxum ala bilər, həmçinin meyvə bağlarında müasir suvarma sistemlərinin alınmasına və qurulmasına sərf edə bilərlər. Fermerə verilən subsidiya vəsaiti 2 il ərzində istifadə edilmədikdə, bu barədə ona SMS və elektron poçt vasitəsilə bildiriş göndərilir. Bildiriş göndərildikdən sonra fermer 3 ay ərzində subsidiya vəsaitini istifadə etmədikdə, növbəti il üçün ona subsidiya ödənilmir.
Əkin subsidiyası nədir?
Əkin subsidiyası – fermerlərə kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına, torpaqların aqrokimyəvi analizinin aparılmasına, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınmasına, habelə qurulmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən subsidiyadır.
Məhsul subsidiyası nədir?
Tədarükçülərə təhvil verilən bitkiçilik məhsulunun hər tonuna görə verilən subsidiyadır.