BAKI, 2 dekabr — Sputnik. Çin Suriyanın şimal-qərbindəki vəziyyətdən narahatdır və hakimiyyət orqanlarının milli təhlükəsizlik və sabitliyi təmin etmək səylərini dəstəkləyir. Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Tszyan deyib.
O qeyd edib ki, Çin Suriyaya dost ölkə kimi Suriya Ərəb Respublikasında vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün fəal səylər göstərməyə hazırdır.
Çin öz vətəndaşlarını təxliyyə etməyi düşünüb-düşünməməsi ilə bağlı suala diplomat deyib ki, Çinin Suriyadakı səfirliyi artıq təhlükə ilə bağlı xəbərdarlıq edib və vəziyyəti diqqətlə izləyir.
"Çin yerli hökumətdən vətəndaşlarının və qurumlarının təhlükəsizliyini təmin etmək üçün təsirli tədbirlər görməsini xahiş edir", XİN rəsmisi bildirib.
Suriya Müdafiə Nazirliyi noyabrın 29-da hökumət ordusunun Hələb və İdlib əyalətlərinə hücum edən terrorçularla döyüşə girdiyini açıqlayıb. "Heyət Təhrir əş-Şam" terror təşkilatına (əvvəllər Rusiya Federasiyasında qadağan edilmiş "Cəbhət ən-Nusra" terror təşkilatı kimi tanınır) mənsub qruplaşmalar gərginliyin azaldılması ilə bağlı razılaşmanı pozaraq, ölkənin əyalətlərində geniş cəbhədə kəndlərə və əhalinin məskunlaşdığı ərazilərə hücum ediblər. Suriya ordusunun məlumatına görə, ordu hücuma cavab verib və nəticədə terrorçular canlı qüvvə və texnika itkisinə məruz qalıb.