CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bələdiyyə seçkilərinə xaricdən heç bir müşahidəçi dəvət edilməyəcək - MSK sədri

Məzahir Pənahov deyib ki, bələdiyyə seçkiləri Azərbaycanın daxili məsələsidir, xaricilərə onun dəxli yoxdur.
Sputnik
BAKI, 2 dekabr - Sputnik. Bələdiyyə seçkilərinə xaricdən heç bir müşahidəçi dəvət etməyəcəyik.
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, əgər MSK-ya bu barədə özləri müraciət etsələr, bu barədə qərar qəbul olunacaq:
"Təbii ki, kim bizə müraciət ünvanlayacaqsa, qəbul edəcəyik. Amma biz özümüz xaricdən müşahidəçi dəvət etməyəcəyik. Çünki bələdiyyə seçkiləri daxili məsələdir".
MSK sədri onu da bildirib ki, bələdiyyə seçkiləri ilə əlaqədar keçirilən maarifləndirmə tədbirlərinin formatı dəyişdiriləcək.
Bununla əlaqədar təkliflər olmalıdır:
"Mən komissiya üzvlərindən bu barədə təkliflərini almaq istəyirəm. Yaxın bir neçə gündə təklifləri təqdim etmək lazımdır. Bələdiyyə seçkiləri ilə bağlı aparılan maarifləndirmə işləri fərqli ola bilər".
Pənahov bildirib ki, bu dəfə də yeddi seçki dairəsinin seçiciləri bələdiyyə seçkilərində səs verə bilməyəcəklər. Çünki həmin seçki dairələrinin seciciləri tamamilə məcburi köçkünlərdən ibarətdir:
"Onlar öz doğma torpaqlarında tamamilə məskunlaşdıqdan sonra orada bələdiyyə seçkiləri keçiriləcək. Bu, böyük hadisə olacaq".
Qeyd edək ki, Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib.
Mərkəzi Seçki Komissiyasının (MSK) noyabrın 27-də keçirilən iclasında Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı təsdiqlənib.
Qeyd edək ki, azad edilən ərazilərdə tam məskunlaşma bitmədiyinə görə bu ərazilərdə bələdiyyə seçkiləri keçirilməyəcək. Bələdiyyə seçkiləri 118 saylı Ağdam - Xocalı, 120 saylı Cəbrayıl - Qubadlı, 121 saylı Laçın, 122 saylı Xankəndi, 123 saylı Kəlbəcər, 124 saylı Şuşa - Ağdam - Xocavənd, 125 saylı Zəngilan - Qubadlı seçki dairələri istisna olmaqla 118 seçki dairəsində təşkil olunacaq.
Xatırladaq ki, Seçki Məcəlləsinin tələblərinə əsasən bələdiyyə seçkiləri Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edilir. Bununla əlaqədar müvafiq qərar səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc olunur. Digər seçkilərdən fərqli olaraq bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası elan edir. Bu seçkilər hər 5 ildən bir keçirilir. Sonuncu bələdiyyə seçkiləri 2019-cu ildə keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.