İQTİSADİYYAT

Azərbaycan Aİİ ölkələrinə təzə kivi ixrac edir

Ölkəmizdən Rusiyaya təzə kivi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 21,4% artıb. Qazaxıstana isə bu ildən təzə kivi ixrac etməyə başlamışıq.
Sputnik
BAKI, 2 dekabr — Sputnik. Azərbaycan Avrasiya İqtisadi Birliyi (AİB) ölkələrinə təzə kivi ixrac edir. Bu ilin 9 ayında Azərbaycanın təzə kivi ixracının 100 faizi AİB ölkələrinin payına düşüb. Başqa sözlə, bu il təzə kivi ancaq AİB ölkələrinə satılıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan:
-Rusiyaya 388 ton,
-Qazaxıstana 58 ton təzə kivi ixrac edib.
Qeyd edək ki, ölkəmizdən Rusiyaya təzə kivi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 21,4% artıb. Qazaxıstana isə bu ildən təzə kivi ixrac etməyə başlamışıq.
Kivi bir çox xüsusiyyətlərinə görə sitrusçuluqda sərfəli bitki hesab olunur. Qiymətinin digər sitrus növlərinə nisbətən əlverişli olması, meyvələrin gec çürüməsi, 6 aya qədər qalması və daşınma zamanı problemin az olması bu bitkinin iqtisadi baxımdan dəyərini daha da artırır.
Azərbaycanda kivi bağlarının salınmasına görə subsidiya verilir. Kivi əsasən Astara, Lənkəran və Masallı rayonlarında istehsal edilir.
Ekspertlərin sözlərinə görə, kivi ixracı üçün Rusiya çox böyük bazardır və bu sahədə kifayət qədər uğurlu biznes modeli qurmaq mümkündür. Bu sahə gəlirli sahədir. Kivi elit meyvədir və əsasən şadlıq evlərində, restoranlarda, xidmət sektorunda istehlak edilir. Kivi ən çox İrandan ölkəmizə gətirilir.
Xatırladaq ki, insan orqanizmə faydalı olan kivinin tərkibində olan C vitamini miqdarına görə bütün sitrus meyvələri arasında birinci yeri tutur. Kivi ürək-damar sistemi üçün çox faydalıdır. Tərkibində kalium və maqnezium mikroelementlərinin olduğuna görə kivi arterial təzyiqi normallaşdırır.
Maraqlıdır ki, kivi meyvəsinin adı əslində quş adından götürülüb. Ona bu adı 20-ci əsrin 30-cı illərində seleksiyaçı A.Elisson verib. O, Yeni Zelandiyanın milli simvolu olan kivi quşu ilə oxşarlığa görə indi süfrəmizin bir hissəsinə çevrilən meyvəni belə adlandırıb.