BAKI, 2 dekabr — Sputnik. Texas Universitetinin Geofizika İnstitutunun alimləri Uranın peyklərində buzların altında okeanların axtarışı üçün yeni model hazırlayıblar. Model yalnız kosmik gəminin kameralarından istifadə edərək maye suyun varlığını müəyyən etməyə imkan verir.
Araşdırmanın nəticələri "Geophysical Research Letters" jurnalında dərc olunub.
Buzlu peyklərin daxili quruluşunu təhlil etmək üçün peyklərin Uranın ətrafında fırlanmasındakı dalğalanmaların müşahidəsinə əsaslanan üsul təklif edilib. "Librasiya" adlanan bu cür dalğalanmalar daxili strukturun tərkibini, o cümlədən suyun, buzun və ya qayanın mövcudluğunu qiymətləndirməyə imkan verir. Dalğalanma nə qədər güclü olarsa, buzun altında gizlənən okeanın olması ehtimalı bir o qədər yüksəkdir.
Metod peyklərin hərəkətində kiçik dalğalanmalar haqqında məlumatların istifadəsini nəzərdə tutur. Bu dalğalanmaların təhlili əsasında model okeanın dərinliyini və buz qabığının qalınlığını hesablayır. İçərisində maye okeanı olan bir peyk, içi tamamilə bərk olan peykdən daha aydın və hissediləcək dalğalanmalar nümayiş etdirəcək.
Təklif olunan modelin effektivliyini yoxlamaq üçün Uranın beş peyki nümunəsində hesablamalar aparılıb. Ssenarilərdən biri Ariel peykinin tədqiqi olub: əgər o, 100 metr dalğalanarsa, bu, təxminən 160 kilometr dərinlikdə okeanın və 30 kilometr qalınlığında buz qabığının olduğunu göstərir. Bu, kosmik cihazların kameraları ilə yüksək dəqiqlikli müşahidələrin vacibliyini bir daha vurğulayıb.
Uranın buzlu peyklərində yeraltı okeanların olması ilə bağlı fərziyyə təsdiqlənərsə, bu, qalaktikada mümkün yaşayış dünyaları haqqında anlayışı dəyişəcək. Maye su okeanlarının kəşfi Yerdən kənarda potensial yaşayış yerlərinin axtarışını əhəmiyyətli dərəcədə genişləndirəcək.