BAKI, 29 noyabr — Sputnik. Dövlət Sərhəd Xidmətinin (DSX) N saylı hərbi hissəsinin baş leytenantı Orxan Rzalı həbs olunub.
Onun həbsi həmin hərbi hissədə xidmət edən əsgər Orucov Həbib İlham oğlunun ölümü ilə bağlıdır.
Baş leytenant Orxan Rzalı barəsində məhkəmə tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilib. Araşdırmalar çərçivəsində Hərbi Prokurorluq O.Rzalının digər tükürpədici cinayət əməllərini də aşkarlayıb. Hazırda bu məsələ ilə bağlı istintaq davam edir.
Məsələylə bağlı dünyasını dəyişən Həbib Orucovun anası Tünzalə Nəcəfova "Bakupost.az"a açıqlama verib. O, Orxan Rzalının həbs olunduğunu təsdiqləyib və oğlunun ölümündə baş leytenantı günahlandırıb:
"Mən bilirəm ki, o zabit oğlumu özünü öldürməyə məcbur edib. Mənim uşağım canını çox istəyən idi. Mümkün deyildi ki, o özünə qıysın. Qardaşım meyiti görüb. Deyir ki, alnında çapıq izi, çiynində isə göyərmiş ləkə vardı. Mən hərbi hissəyə gedib əsgərlərlə danışdım. Uşağı keçən ayın 25-dən bəri sıxışdırırmış. Əsgərlər deyir ki, Həbibin üstünə qışqırır, ağzına gələni deyirdi. Oğlum bizimlə ancaq Orxan Rzalının telefonuyla əlaqə saxlaya bilirdi. O da oğlumun başının üstündə dayanırdı. Ona görə də baş verənləri danışa bilməyib. Bəziləri dedilər ki, o çapıq çoxdan var idi. Ekspertiza hamısını araşdırmalıdır. Mən Orxan Rzalının ömürlük həbs olunmasını tələb edirəm".
Xatırladaq ki, H.Orucov noyabrın 9-da dünyasını dəyişib. Rəsmi məlumatda onun odlu silahdan açılmış atəş nəticəsində öldüyü qeyd edilib.