BAKI, 29 noyabr — Sputnik. Elektrik mühərrikli avtobusun yolda qalmasının səbəbi məlum olub.
"Sosial şəbəkələrdə yayılan video görüntünü müşahidə kameralarında analiz etdikdən sonra, 28.11.2024-cü il axşam saatlarında baş verən hadisənin sürücünün texniki səhvi ilə əlaqəli olduğunu müəyyən etdik", - "BakuBus" MMC-dən Sputnik Azərbaycan-a bildirilib.
Qeyd edilən problem qısa müddət ərzində aradan qaldırılmış və avtobus marşrut xətti üzrə hərəkətinə davam etmişdir.
Həmçinin əlavə edilib ki, elektrik mühərrikli avtobuslar marşrut xəttindən qayıdıb depoya gəldiyi zaman tam olaraq enerji ilə doldurulur.
Qeyd edək ki, COP29-dan sonra elektrik mühərrikli 160 ədəd avtobus müntəzəm marşrut xətti üzrə fəaliyyət göstərməyə başlayıb. Elektrik avtobuslarının istismarı üçün xüsusi olaraq müasir standartlara cavab verən qaraj infrastrukturu da yaradılıb. Qaraj sərnişinlərə yüksəkkeyfiyyətli xidmət göstərilməsi üçün bütün zəruri şəraitlə təmin olunub.2024-cü il istehsalı olan bu avtobusların istismar müddəti 15 il, sərnişin tutumu 83 nəfərdir.