BAKI, 29 noyabr — Sputnik. Azərbaycanda bostan məhsullarının istehsalı artır.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat verilib ki, bu ilin yanvar-oktyabr ayları ərzində təsərrüfatlarda 490 min ton bostan məhsulu istehsal olunub. Təsərrüfatlarda yetişdirilən bostan məhsullarının miqdarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.8% çoxdur.
Subsidiya verilir
Bildirilib ki, Azərbaycanda bostan məhsullarının becərilməsi dövlət tərəfindən subsidiyalaşdırılır. Aqrar Subsidiya Şurasının qərarına görə, növbəti təsərrüfat ilindən müasir suvarma sistemləri ilə təchiz olunmuş sahələrdə yetişdirilən bostan məhsullarına görə fermerlərə hər hektara 280 manat əkin subsidiyası veriləcək. Müasir suvarma sistemləri quraşdırılmamış sahələrdə bostan bitkiləri becərən fermerlər isə hər hektar əkin sahəsinə görə 220 manat subsidiya alacaqlar.
"Qarpızı Avropaya da ixrac etmək imkanı var"
İqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a deyib ki, qarpız ixracı sahibkarlara gəlir gətirir: "Azərbaycandan qarpızı Avropaya da ixrac etmək imkanı var. Avropada qarpız çox bahadır. Avropada bəzi turizm ölkələrində 1 qarpızın qiymətinə Azərbaycanda bəlkə də 30-40 kiloqram qarpız almaq mümkündür".
İqtisadçı-ekspert Xalid Kərimli
© Photo : Social media page of Khalid Kerimli
"Ölkəmizin qarpızı keyfiyyətlidir və xüsusən də Müstəqil Dövlətlər Birliyi (MDB) məkanında Azərbaycan məhsullarına, o cümlədən qarpıza tələbat var. Azərbaycan sahibkarları MDB ölkələrinə qarpız ixrac edirlər", – ekspert əlavə edib.
Yüksək aqrotexniki tədbirlər çox vacibdir
Qeyd edək ki, Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun məlumatına əsasən, bostan bitkilərinin əhəmiyyəti çoxcəhətlidir. Qarpız və yemiş karbohidratlar (əsasən şəkərlər), mineral duzlar və vitaminlərlə zəngindir. Bostan bitkiləri münbit və dənəvər strukturlu torpaqlarda daha yaxşı böyüyür, inkişaf edir, yüksək və keyfiyyətli məhsul verir. Yüksək və keyfiyyətli məhsulun əsasını təmin etmək üçün isə yüksək aqrotexniki tədbirlər, optimal qida elementləri və su rejiminin düzgün tətbiq edilməsi çox vacibdir. Növbəli əkin sistemində onun əsas sələf bitkisi soğanaqlılar, çoxillik otlar, kartof və taxıl bitkiləridir. Bostan bitkilərinin zərərverici və xəstəliklərdən mühafizəsi aqrotexniki və kimyəvi tədbirlərdən ibarətdir. Bütün aqrotexniki qaydalara riayət olunması bostan əkinlərində zərərverici və xəstəliklərlə uğurlu mübarizənin əsas şərtlərindəndir.
Azərbaycanda 6 qədim yemiş sortunun bərpası həyata keçirilib
Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun seleksiyaçıları Azərbaycanın 6 qədim yemiş sortunun bərpasını həyata keçiriblər. Azərbaycanın müxtəlif bölgələrinə ekspedisiyalar zamanı itməkdə olan yemiş sortlarının toxumlarından nümunələr götürülüb. Nümunələr İnstitutun seleksiyaçı alimləri tərəfindən öyrənildikdən sonra biotexnologiya laboratoriyasında çoxaldılıb və ilkin toxumçuluğu həyata keçirilib. Yenidən bərpa olunan qədim yemiş sortlarının Kürdəmir rayonundakı fərdi təsərrüfatda eksperimental əkini aparılıb. Kürdəmirli fermer Nizami Bədirovun təsərrüfatında Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun seleksiyaçılarının tərtib etdiyi proqrama uyğun olaraq aqrotexniki qulluq həyata keçirilib. Nəticələr uğurlu olub və ölkəmizin itməkdə olan "Reyhani", "Şahnəzər", "Qəndi", "Boz Dəli", "Sineyvaz" və "Uzundadaş" yemiş sortlarının bərpası mümkün olub.
İnfoqrafika: Azərbaycan qarpızını AİB-in hansı ölkələrinə ixrac edir?
© Sputnik / Elnur Salayev
İnstitutun sədri Elmar Allahverdiyev bildirib ki, qədim yemiş sortlarının bərpası istiqamətində uzun müddətdən bəri aparılan işlər uğurla nəticələnib. Müxtəlif bölgələrə təşkil olunan ekspedisiyalar zamanı xüsusilə itməkdə olan sortların son nümunələrinin tapılması, laboratoriyada analizi, ilkin toxumçuluğunun təşkili istiqamətində seleksiyaçılar tərəfindən kompleks işlər görülüb.
Fermerlərə təqdim olunan bərpa olunmuş sortların xəstəliklərə davamlılıq, məhsuldarlıq və dequstasiya göstəricilərinin hazırda ölkədə yetişdirilən xarici sortlardan üstün olduğunu deyən İnstitut rəhbəri layihənin yekunlarına uyğun olaraq qədim yemiş sortlarının kütləvi toxumçuluğunun təşkilinə başlayacaqlarını deyib. Elmar Allahverdiyev Azərbaycanda məşhur olan yemiş sortlarına daxili bazarda böyük tələbat olduğunu, bu sortların kütləvi əkininin həm sortların bərpası, həm də fermerlərin gəlirlərinin artması baxımından əhəmiyyət kəsb etdiyini bildirib.
Fermerlər bildiriblər ki, Azərbaycanın itməkdə olan qədim yemiş sortlarına postsovet məkanında da böyük tələbat olub. Azərbaycanda yetişdirilən bostan məhsullarının dequstasiya göstəriciləri, nəqliyyata davamlılığı, tez yetişməsi bu məhsulların bütün postsovet məkanına ixracına imkan verirdi. Bu səbəbdən əvvəllər məşhur olan sortların yenidən əkilməsi daxili bazarda həm bostan məhsullarına olan tələbatın ödənilməsini təmin edəcək, həm də gələcəkdə bu məhsulların ənənəvi xarici bazarlara ixracına imkan yaradacaq.
Bostan məhsulları istehsalı
© Photo : Ministry of Agriculture (Azerbaijan)
Qarpız və yemiş sahələrini sığortalamaq mümkündür
Aqrar Sığorta Fondu 2022-ci ildən etibarən ölkədə ilk dəfə olaraq qarpız və yemiş sahələrini sığorta etməyə başlayıb. Fonddan bildiriblər ki, digər əkin sahələrində olduğu kimi, qarpız və yemiş təsərrüfatları üzrə də sığorta haqqının yarısını fermerlərə dəstək üçün dövlət ödəyir. Aqrar sığorta qarpız və yemiş əkinlərini çoxsaylı risklərdən qoruyur. Bura dolu, sel-su basma, leysan, ildırım, yanğın, qasırğa, bitki xəstəlikləri və ziyanvericilər, üçüncü şəxslərin hərəkətləri və sair hallar aiddir. Relyef və iqlim baxımından da bu bostan bitkilərinin yetişdirilməsində biznes baxımından böyük imkanlar və fürsətlər daim var. Belə ki, daxili bazarın təlabatının ödənilməsi ilə yanaşı həmçinin böyük ixrac potensialı da mövcuddur.
Ötən il qarpız ixracının 42.5%-i Rusiyanın payına düşüb
Aqrar Tədqiqatlar Mərkəzindən Sputnik Azərbaycan-a bildiriblər ki, keçən il ölkədə qarpız istehsalı 351 min ton, yemiş istehsalı 87.2 min ton olub. Keçən il qarpızın məhsuldarlığı 2022-ci ilə nisbətən 21.2% artaraq 279.5 sent/ha, yemişin məhsuldarlığı 18.6% artaraq 185.8 sent/ha olub. Ötən il ölkədən ixrac olunan qarpızın 42.5%-i Rusiyanın, 28.0%-i Ukraynanın, 20.8%-i Gürcüstanın, 5.5%-i Estoniyanın, 2.9%-i Belarusun, 0.4%-i isə digər ölkələrin payına düşüb. Ölkədən ixrac olunan yemişin isə 67.1%-i Ukraynaya, 26.7%-i Gürcüstana, 4.8%-i Rusiyaya, 1.5%-i isə digər ölkələrə göndərilib.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ildə ölkədən 5,2 milyon dollar dəyərində 12210 ton qarpız ixrac edilib. Bu da 2020-ci illə müqayisədə dəyər baxımından təxminən 2,7 dəfə, miqdar baxımıdan 2,8 dəfə çox deməkdir.