BAKI, 27 noyabr - Sputnik. Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin Çinin xarici işlər nazirinin köməkçisi Liu Bin ilə Ukrayna böhranını müzakirə edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Noyabrın 27-də Pekində Rusiya Federasiyası Xarici İşlər Nazirinin müavini Mixail Qaluzin Çin Xalq Respublikasının Xarici İşlər Nazirinin köməkçisi Liu Bin (nazir müavini rütbəsi ilə) ilə postsovet məkanı məsələləri üzrə məsləhətləşmələr aparıb. Ukrayna böhranı mövzusu əsaslı şəkildə nəzərdən keçirilib”, - nazirliyin saytında bildirilir.
XİN-in məlumatına görə, Rusiya tərəfi qeyd edib ki, “ədalətli və davamlı sülhə nail olmaq üçün münaqişənin əsas səbəblərini aradan qaldırmağa çalışmaq vacibdir”, xüsusilə, “ABŞ başda olmaqla Qərbin Rusiyanın təhlükəsizliyinə təhdidlər yaratması, Ukraynadan tramplin kimi istifadə etməsi” və Qərbin Kiyevə hərbi dəstəyini dayandırması mövzusunda.
“Pekinin siyasi və diplomatik həll üçün şərait yaratmaq səyləri yüksək qiymətləndirilib”, - məlumatda deyilir.
Qaluzin həmçinin ÇXR hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi, Ukrayna münaqişəsinin həllində iştirak edən Li Huey və ÇXR xarici işlər nazirinin köməkçisi Miao Deyu ilə görüşlər keçirib.
Çin Xalq Respublikasının Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Huey
© Sputnik / Пресс-служба МИД РФ
/ Çin daha əvvəl Braziliya ilə birlikdə Ukrayna münaqişəsinin həlli təşəbbüsü ilə çıxış edib. Çinin xarici işlər naziri Van İ daha əvvəl bildirmişdi ki, Çin, Braziliya və Qlobal Cənubun digər ölkələri Ukrayna böhranını həll etmək üçün açıq “Dünyanın Dostları” platforması yaratmağı planlaşdırırlar.
Daha sonra Çin Xarici İşlər Nazirliyi məlumat verib ki, bir sıra ölkələrin xarici işlər nazirləri və yüksək səviyyəli nümayəndələri sentyabrın 27-də BMT Baş Assambleyası çərçivəsində görüş keçiriblər.
Toplantıdan sonra Əlcəzair, Boliviya, Braziliya, Çin, Kolumbiya, Misir, İndoneziya, Qazaxıstan, Keniya, Meksika, Cənubi Afrika, Türkiyə və Zambiya birgə kommunike dərc ediblər. Müzakirələrdə Fransa, İsveçrə və Macarıstan da iştirak edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.