BAKI, 27 noyabr— Sputnik. Gələn il ölkə üzrə yaşayış minimumunun məbləği və ehtiyac meyarının həddi 285 manat götürüləcək.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrində əksini tapıb.
Ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarı 2024-cü illə müqayisədə 5,5 faizdən çox artırılaraq 270 manatdan 285 manata qaldırılır.
Layihəyə görə, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən ediləcək.
Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat məbləğində təsdiq ediləcək.
Qeyd edək ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib.
Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilib.
Yaşayış minimumu nədir?
Xatırladaq ki, yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.
Minimum istehlak səbəti əhalinin əsas sosial-demoqrafik qrupları üzrə, bir nəfərin və ya ailənin xərc maddələri üzrə aşağıdakı tərkibdə formalaşdırılır:
ərzaq məhsullarının minimum toplusu;
fərdi və ailəvi istifadə olunan qeyri-ərzaq mallarının minimum toplusu (geyim, ayaqqabı və dəftərxana ləvazimatları, təsərrüfat, mədəni-məişət, sanitariya əşyaları, dərmanlar və s.);
xidmətlərin minimum toplusu (mənzil-kommunal, nəqliyyat, rabitə, məişət, təhsil, mədəni-maarif, müalicə-istirahət xidmətləri və s.).
Ünvanlı sosial yardım kimlərə şamil edilir?
Ünvanlı dövlət sosial yardımı aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Ünvanlı sosial yardımı almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.
Ehtiyac meyarı dedikdə, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd nəzərdə tutulur.
Minimum istehlak səbətinə daxil olan ərzaq məhsulları...
Mövcud minimum istehlak səbətinin tərkibinə əsasən, məsələn, əmək qabiliyyətli əhali üçün illik adambaşına 136,8 kiloqram (kq) çörək və çörək məhsulları, 54,8 kq kartof, 97,2 kq tərəvəz və bostan məhsulları, 32,9 kq ət və ət məhsulları, 150 ədəd yumurta və s. nəzərdə tutulub.
Pensiyaçılar üçün illik adambaşına 107,9 kq çörək və çörək məhsulları, 40,2 kq kartof, 85,2 kq tərəvəz və bostan məhsulları, 25,6 kq ət və ət məhsulları, 100 ədəd yumurta və digər məhsullar minimum istehlak səbətinə daxil edilib.
Uşaqlar üçün (0-15 yaş) illik adambaşına 100,5 kq çörək və çörək məhsulları, 42 kq kartof, 100,7 kq tərəvəz və bostan məhsulları, 29,6 kq ət və ət məhsulları, 183 ədəd yumurta və digər məhsullar minimum istehlak səbətinə daxil edilib.
Minimum istehlak səbəti nədir?
Qeyd edək ki, Azərbaycanda minimum istehlak səbətinin tərkibi Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli qərarı ilə təsdiq edilib. İstehlak səbətinə daxil olan ərzaq məhsulları, qeyri-ərzaq malları və xidmətlər orta bazar qiymətləri (tarifləri) ilə hesablanır. Azərbaycanda minimum istehlak səbətinin tərkibi sonuncu dəfə 2014-cü ildə yenilənib.
Minimum istehlak səbəti insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.
Gələn il minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq
İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov deyib ki, minimum istehlak səbətinin tərkibinə baxılması məsələsi İqtisadiyyat Nazirliyinin daim gündəmdə saxladığı məsələdir. Bununla bağlı müəyyən İşçi Qrupu fəaliyyət göstərir. Həmin İşçi Qrupunun ən sonuncu görüşü 2021-ci ildə baş tutub. Səbətin tərkibinə baxılıb və saxlanılması qərarına gəlinib. 2025-ci ildə İşçi Qrupun yenidən görüşünü planlaşdırırıq. Mövcud iqtisadi vəziyyətə uyğun minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.