CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Min beş yüz məktəbin bağlanacağı ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir - Nazir

Emin Əmrullayev xərclərin optimallaşdırlması məqsədilə təxminən 4400 məktəbdən 1500 məktəbin bağlanılması xəbərini təkzib edib.
Sputnik
BAKI, 27 noyabr— Sputnik. Min beş yüz məktəbin bağlanacağı ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev sosial şəbəkədə rəsmi hesabındakı paylaşımında bildirib.
Onun sözlərinə görə, "son günlərdə mən və ya Elm və Təhsil Nazirliyi tərəfindən bu məsələ ilə bağlı hər hansı bir fikir səsləndirilməyib. Bu xəbərin yaranmasına səbəb mövzu ətrafında səsləndirilmiş fikirlərin düzgün anlaşılmamasıdır.
"Səsləndirilən fikirlər isə aşağıdakılardır:
1. Ölkədə fəaliyyət göstərən təxminən 4 400 məktəbin 1 500-də 100-dən az şagird təhsil alır.
2. Şagird sayı aşağı olan məktəblərdə bir şagirdə xərclənən vəsait kifayət qədər böyükdür, tədrisin keyfiyyəti isə aşağıdır. Bəzi hallarda bu məbləğ paytaxtda fəaliyyət göstərən özəl təhsil müəssisələrinin təhsil haqqından da çoxdur (məsələn, 5 nəfər şagirdi olan məktəbdə bir nəfər şagirdə düşən illik xərc 25-27 min manatdır, 10-15 nəfər şagirdi olan məktəbdə isə bu xərc 13-15 min manatdır).
3. Daha dayanıqlı və keyfiyyətli təhsil imkanlarının yaradılması məqsədilə qeyd olunan azkomplektli məktəblərin rasionallaşdırılması həyata keçirilir və bu proses mərhələli şəkildə aparılacaq", - nazir bildirib.
Nazir qeyd edib ki, bu üç fikri ümumiləşdirərək “Ölkədə 1 500 məktəb bağlanacaq” nəticəsinə gəlmək düzgün deyil.

"Onu da qeyd edim ki, cari tədris ilində şagird sayı 10-a qədər olan ümumilikdə 142 məktəb üzrə xərclər əsaslı şəkildə rasionallaşdırılıb. Rasionallaşdırılma dedikdə yalnız məktəbin fəaliyyətinin dayandırılması nəzərdə tutulmur, buraya məktəblərin tipinin dəyişdirilməsi və ya birləşdirilməsi, peşə təmayüllü siniflərin açılması da daxildir. Məktəb şəbəkəsinin rasionallaşdırılması Elm və Təhsil Nazirliyi tərəfindən daim diqqətdə saxlanılan məsələ olsa da, yaxın gələcəkdə kütləvi sayda məktəblərin bağlanılması və ya fəaliyyətlərinin dayandırılması planlaşdırılmır", - paylaşımda qeyd olunub.

26.11.24, 13:16
"Elmi dərəcələrə görə verilən vəsait artırılmalıdır. Sonuncu dəfə bu məsələyə bir neçə il öncə baxılıb. Hazırda bu məbləğ fəlsəfə doktorları üçün 60 manat, elmlər doktorları üçün 100 manatdır".
Bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, nazirliyin verdiyi məlumata əsasən, bu məsələ ilə bağlı yeni mexanizm tətbiq olunacaq: "Əgər belə plan varsa sürətləndirilməsini, yoxsa vəsaitin az da olsa artırılmasını təklif edirəm".
C.Məmmədov universitetlərdə müəllimlərin maaşlarına baxılmasını, universitetlərin tədqiqatyönlü fəaliyyətinin, maddi-texnik bazalarının gücləndirilməsi üçün ayrılan vəsaitin artırılmasını da təklif edib.
"Ümumilikdə, universitetlərin maliyyələşmə sisteminə yenidən baxılmalıdır. Yeni məktəbəqədər və orta təhsil müəssisələrinin inşası vacibdir. Əksər ərazilərdə ciddi sıxlıq var. Rəsmi açıqlamalara əsasən, xərclərin optimallaşdırlması məqsədilə təxminən 4400 məktəbdən 1500 məktəbin bağlanılması planlaşdırılır. Düşünürəm ki, məktəb həm də ideoloji və mədəni məsələdir. Eyni zamanda, bu məsələ kəndlərin sürətli boşalmasına aparıb çıxaracaq" – deputat əlavə edib.
Xatırladaq ki, bundan öncə Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsində elm və təhsil naziri Emin Əmrullayev deyib ki, təhsil sahəsinin ən böyük problemi komplektləşdirilmiş məktəblərin sayının az olmasıdır.
Nazir bildirib ki, 4400 məktəbimizin təxminən 1500-də şagird sayı 100-dən azdır:
"Bu o deməkdir ki, sinifdə 7-8 şagird var. Məsələn, məktəbdə 1 dənə 6-cı, 7-ci, 8-ci sinif varsa, bu o deməkdir ki, o məktəbdə 7-8 saat kimya dərsi var. Çünki sinif yoxdur. Məsələn, Daşkəsən rayonunda bir şagirdə çəkilən orta xərc təxminən Bakıda olan özəl məktəbin qiyməti - 8500 manata qədərdir. Amma nəticə yoxdur. Əksinə, Bakıda 30-32 nəfər şagirdi olan məktəbdən biz daha yaxşı nəticə görürük. Önəmli məsələ müəllimin keyfiyyətidir. Sinifdə 1 uşaq olanda da, 30 uşaq olanda da dövlət 25 min manat pul xərcləyir. Bir uşağa o vaxt 25 min manat xərcləmək olar ki, orada nəticə var. Bizim belə 4 şagirdi, 4 sinfi, 32 müəllimi olan məktəblərimiz çoxdur. Uzun sözün qısası, rasionallaşmaya ehtiyac var, ağrılı proses olsa da biz buna getməliyik".