BAKI, 27 noyabr — Sputnik. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya Prezidenti Vladimir Putinin Astanaya səfəri ərəfəsində bildirib ki, Qazaxıstan və Rusiya Federasiyası Avrasiyada inteqrasiyanın əsas mexanizminə çevrilən və beynəlxalq nüfuz qazanan Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində fəaliyyət göstərir.
"Astana və Moskva bu gün Avrasiya məkanında inteqrasiyanın mühüm mexanizminə çevrilən və beynəlxalq nüfuz qazanan Avrasiya İqtisadi İttifaqı çərçivəsində səmərəli fəaliyyət göstərir", - Tokayev qeyd edib.
Qazaxıstan rəhbəri vurğulayıb ki, ötən müddət ərzində iştirakçı ölkələrin iqtisadi siyasətlərinin inteqrasiyası və qarşılıqlı ticarətin inkişafı prosesinin uğurla həyata keçirilməsi Aİİ-nin ən mühüm platformalardan biri kimi effektivliyini sübut edib.
Rusiya Prezidenti Vladimir Putin noyabrın 27-28-də Qazaxıstan liderinin dəvəti ilə Astanada dövlət səfərində olacaq. Səfərin ilk günü Rusiya prezidenti Kasım-Jomart Tokayevlə danışıqlar aparacaq. Ertəsi gün, noyabrın 28-də Rusiya dövlətinin başçısı KTMT Şurasının növbəti sessiyasında iştirak edəcək. Bundan sonra rəsmi qəbul keçiriləcək.
Putinin Qazaxıstana əvvəlki dövlət səfəri 2023-cü ilin noyabrında baş tutub, 2024-cü ilin yayında Rusiya prezidenti Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçirilən sammitində iştirak edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.