Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsi I oxunuşda qəbul edilib
Büdcə gəlirlərinin 49 faizi neft, 51 faizi isə qeyri-neft gəlirlərinin hesabına formalaşacaq.
SputnikBAKI, 26 noyabr— Sputnik. Milli Məclis "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsini birinci oxunuşda qəbul edib.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib ki, 2025-ci ilin dövlət büdcəsi layihəsi Prezidentin müəyyən etdiyi strateji vəzifələri və təşəbbüsləri, yeni dövrün çağırışlarını, milli iqtisadiyyatın artım və inkişaf meyllərini, milli inkişaf prioritetlərindən irəli gələn sosial-iqtisadi hədəfləri özündə əks etdirir və onların reallaşdırılması üçün maliyyə təminatı yaradır.
Qeyd edilib ki, ölkənin strateji valyuta ehtiyatları 73 milyard dollar təşkil edir. 2024-cü ilin on ayında müşahidə olunan müsbət makro-iqtisadi meyllər 2025-ci il üzrə proqnozlar üçün pozitiv əsaslar yaradır.
Proqnozlara görə, növbəti ildə ümumi daxili məhsul (ÜDM) 3,5 faiz, qeyri-neft-qaz üzrə ümumi daxili məhsul 4,9 faiz artacaq. ÜDM-də qeyri-neft-qaz sektorunun payının 68 faizdən 71,3 faizə çatacağı gözlənilir. Adambaşına ÜDM-in 2025-ci ildə 7412 ABŞ dolları təşkil edəcəyi proqnozlaşdırılır.
Büdcə gəlirlərinin 49 faizi neft, 51 faizi isə qeyri-neft gəlirlərinin hesabına formalaşacaq
Komitə sədri qeyd edib ki, dövlət büdcəsinin gəlirləri 38,3 milyard manat, xərcləri 41,4 milyard manat, kəsiri isə 3 milyard 52 milyon manat proqnozlaşdırılır:
"Büdcə gəlirlərinin 49 faizi neft, 51 faizi isə qeyri-neft gəlirlərinin hesabına formalaşacaq. Gəlirlərin 15,5 milyard manatı Dövlət Vergi Xidmətinin, 14,5 milyard manatı Dövlət Neft Fondundan transfertin, 6,6 milyard manatı Dövlət Gömrük Komitəsinin, 840 milyon manatı büdcə təşkilatlarının daxilolmalarının, 895 milyon manatı digər gəlirlərin payına düşür".
Büdcənin əsas xərc istiqamətlərindən biri əhalinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı olacaq:
"Sosialyönümlü xərclərin 8,8 faiz artırılaraq 16,9 milyard manata çatması və dövlət büdcəsi xərclərinin 41 faizini təşkil etməsi sosial siyasətin prioritetliyini ifadə edir. Büdcə zərfinə daxil olan sosial paketin təhlili göstərir ki, şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının sosial müdafiəsi sahəsində dövlət siyasəti, onlara dövlətin diqqət və qayğısı növbəti ildə də davam etdiriləcək. Eyni zamanda, çoxşaxəli artımları nəzərdə tutan sosial tədbirlər paketi həyata keçiriləcək. Növbəti ildə minimum əməkhaqqının və minimum pensiyanın artırılması, sosial müavinətlər və təqaüdlər istiqamətində addımların atılması, pensiyaların indeksləşdirilməsi planlaşdırılır. Ümumilikdə sosial paket 3 milyon insanı əhatə edəcək".
Qeyd olunub ki, əhalinin rifahı ilə bağlı dövlət siyasəti özünü digər xərc istiqamətlərində də büruzə verir:
"Məsələn, iqtisadi fəaliyyətlə bağlı xərclərdə bir sıra dövlət şirkətlərinə subsidiyaların nəzərdə tutulmasının əsas səbəblərindən biri vətəndaşlara göstərilən bəzi xidmətlərin tariflərinin aşağı həddə saxlanılmasıdır. Ötən illər ərzində ölkəmizdə sosial və iqtisadi siyasətin əlaqələndirilməsi və uzlaşdırılması Prezident İlham Əliyevin müəyyən etdiyi əsas prinsip olaraq uğurlu şəkildə həyata keçirilib. Bunun nəticəsidir ki, 2003-2023-cü illər ərzində Azərbaycanda yoxsulluğun səviyyəsi 44,7 faizdən 5,2 faizə, işsizliyin səviyyəsi 9,2 faizdən 5,5 faizə endirilib".
Komitə sədri söyləyib ki, büdcə layihəsi və müvafiq proqnozlar hazırlanarkən 2022-2026-cı illərdə sosial-iqtisadi İnkişaf Strategiyasında müəyyən edilmiş məqsədlər və hədəflər nəzərə alınıb. Post-müharibə dövründə Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işləri əsas prioritetlərdəndir. Növbəti ilin dövlət büdcəsi layihəsində bu məqsədlər üçün 4 milyard manat nəzərdə tutulub.
Neftin qiyməti 70 dollardan götürülüb
Bildirilib ki, 2025-ci ilin dövlət büdcəsi layihəsi tərtib edilərkən neftin qiyməti 70 dollar götürülüb:
"Büdcə layihəsində müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə 8,4 milyard manat nəzərdə tutulur ki, bu da 2024-cü illə müqayisədə 17,8 faiz çoxdur. Azərbaycan hərbi xərclərini artırmaqla yanaşı, digər sosial və infrastruktur xərclərini məhdudlaşdırmır. Hərbi xərclərin artırılması digər mühüm istiqamətlər üzrə xərc artımı fonunda baş verir. Hərbi xərclər büdcə məxaricinin 20,3 faizini təşkil etdiyi halda, sosialyönümlü xərclər 41 faizini, iqtisadi fəaliyyətlə bağlı xərclər 21 faizini təşkil edir".
Azər Əmiraslanov deyib ki, ölkəmizdə sosial rifah, iqtisadi artım, investisiya qoyuluşu təkcə büdcə xərcləri hesabına təmin edilməməli, özəl sektorun sosial-iqtisadi inkişafa töhfəsi daha da artmalı, dövlət-özəl sektor tərəfdaşlığı genişləndirilməlidir.
O, növbəti ilin büdcə layihəsinin ölkəmizin iqtisadi inkişafına, sosial rifaha və milli maraqlarımıza xidmət etdiyini, növbəti ildə dövlətin funksiyalarının, mühüm strateji və cari vəzifələrin həyata keçirilməsi üçün müvafiq maliyyə təminatını yaratdığını vurğulayıb.
Müzakirələrdən sonra sənəd səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Milli Məclisin plenar iclası keçirilir. İclasın gündəliyinə 12 məsələ daxil edilib. Həmin məsələlər bunlardır:
1.“Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
2. “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
3. “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
4. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
5. “Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
6. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
7. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
8. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
9. “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
10. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
11. Azərbaycan Respublikası Milli Məclisinin 2025-ci il üçün xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi.
12. Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci il üçün xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi.
Qeyd edək ki, noyabrın 25-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və hökumət üzvləri iştirak ediblər.
Komitə sədri: Gələn ilki büdcədə neftin qiyməti 70 dollar götürülüb
2025-ci il dövlət büdcəsində neftin qiyməti 70 dollar götürülüb. Vaxtilə neftin büdcə qiyməti 25-30 dollar arasında olub. Yeni çağırışlar fonunda istifadə etmədiyimiz resurslar hesabına potensial riskləri neytrallaşdırmaq mümkündür.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib.
O bildirib ki, hazırda Dövlət Neft Fondunun ehtiyatları 61,3 milyard dollar təşkil etməklə ölkəmizin güclü maliyyə dayaqlarına sahib olduğunu göstərir:
"Büdcə layihəsində müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsi üçün cari illə müqayisədə 17,8 faiz çox vəsait proqnozlaşdırılır. Azərbaycan regionda sülh və sabitliyin qorunması missiyasını yerinə yetirir. Bu xərclərin artımı sərhədlərimizdən kənarda bəzilərini narahat edir. Müdafiə xərclərinin artırılması militarist siyasət həyata keçirmək anlamına gəlmir. Hərbi xərclərin artırılması digər sahələr üzrə xərc artımı fonunda baş verir. Ölkəmizin büdcə xərclərində ən yüksək pay heç də müdafiə xərclərinə aid deyil. Büdcənin hərbiləşdirilməsi meylləri Ermənistan üçün xarakterikdir. İşsizlik səviyyəsi 12 %-ə çatan, 15 ildən çoxdur ki, kəskin demoqrafik böhran yaşayan Ermənistanda hərbi xərclərin təkcə 1 il ərzində 70%, yəni kəskin artırılması militarist büdcənin bariz nümunəsidir”.