TƏHLİL

Qərb mediası və Azərbaycan: Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar?

Siyasi şərhçi bildirir ki, Qərb mediasında din, milli həssasiyyəti tənqid, təhqir olunur, onlara cavab verəndə isə radikallıqda ittiham edirlər.
Sputnik
BAKI, 25 noyabr — Sputnik. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qərb mediasında, xüsusən də "Politico"nun Avropa nəşrini kəskin tənqid edib. Prezidentin köməkçisi "Politico"nun Avropa nəşrində "Azərbaycanın Avropaya qaz qambiti - Rusiya üçün yaxşı xəbərdir" dezinformasiyanın çirkin nümunəsi adlandırıb.

Dezinformasiyadan istifadə trend olduğu kimi onunla mübarizədə yeni dövrün aktula şəkildə müzakirə olunan mövzuları sırasındadır. Bəs standartları örnək kimi təqdim olunan Qərb mediasında dezinformasiyadan istifadə edilməsinin arxasında nə dayanır?

Mövzu ilə bağlı siyasi şərhçi Rufiz Hafizoğlu və BDU-nun professoru, əməkdar jurnalist Qulu Məhərrəmli Sputnik Azərbaycan-a danışıblar.
Siyasi şərhçi Rufiz Hafizoğlu deyir ki, Qərb mediasında ikili standartlar təkcə Azərbaycana deyil, o cümlədən Ərəb ölkələrinə, Türkiyəyə, Rusiyaya qarşı tətbiq edilməkdədir. Ekspert hesab edir ki, Qərb mediası bir çox hallarda gündəmə gətirdiyi mövzular barədə yetərli informasiyaya malik deyil: "Azərbaycanla bağlı hər hansı mövzudan yazsalar da, əslində o mövzuya tam hakim deyillər. Qərbdən olan bir çox jurnalist həmkarlarımızla ünsiyyət zamanı da bunun şahidi olmuşam. Digər önəmli məqam Qərb mediasının siyasiləşməsi və vahid mərkəzdən idarə olunaraq müxtəlif dairələrin sifarişlərini yerinə yetirməsi ilə bağlıdır. Etiraf etməliyik ki, bu hər zaman belə olacaq. Qərbin hədəfində olan ölkələr onun mediasından fərqli mövqe gözləməməlidirlər".
Trend İnformasiya Agentliyinin Yaxın Şərq redaksiyasının rəhbəri, ekspert Rufiz Hafizoğlu
"Ancaq dezinformasiyaya qarşı səssiz qalmaq olmaz. Azərbaycan və adını çəkdiyim digər ölkələr hər zaman dezinformasiyadan əziyyət çəkirlər. Bu da Qərb mediasının ikili standartları tətbiq etməsindən irəli gəlir. Bir çox hallarda kollektiv Qərb tərəfindən onun mövqeyini bölüşməyənlərə qarşı iki standartlar tətbiq etməsinin şahidi olmuşuq. Burada siyasi faktorlar, siyasi savadsızlıq və kütlənin idarəedilməsinə hesablanmış mövqe dayanır. Qeyd etməliyik ki, dünya mediasında standartlar yoxa çıxıb. Qərb bu gün dezinformasiyanı informasiya və söz azadlığı altında yayır. Biz mütəmadi müşahidə edirik ki, Qərb mediasında din, milli həssasiyyəti tənqid, təhqir olunur, onlara cavab verəndə isə radikallıqda ittiham edirlər", - Rufiz Hafizoğlu bildirib.
BDU-nun professoru, əməkdar jurnalist Qulu Məhərrəmli isə deyib ki, önəmli hadisələr ərəfəsində və yaxud onun baş verdiyi dövrdə Azərbaycanın dezinformasiya kampaniyası ilə üz-üzə qalması yeni bir şey deyil: "Azərbaycan əleyhinə yayılan məlumatlar bir çox hallarda dəqiqləşdirilməmiş və saxta olur. İndi də COP29 dövründə Fransa Prezidenti Emmanuel Makronun drijorluğu altında bu kampaniya aparılır. Bütün bu kampaniyalar öz məqsədinə çata bilmir. Amma biz buna görə deyə bilmərik ki, bütünlükdə Qərb mediası öz prinsiplərindən geri çəkilib. Azərbaycana qarşı haqsızlıq və yalan məlumatlar var, ancaq bunu bütövlükdə Qərb mediasında böhranı kimi qiymətləndirmək çətindir".
Qulu Məhərrəmli
Professor deyir ki, dezinformasiyaların qarşısını almaq üçün həmin media qurumlarının Azərbaycanda fəaliyyətinə imkanlar yaradılmalıdır: "Birbaşa təmaslar qurulmalıdır ki, gerçəyi buradan yazsınlar. Dezinformasiyanın bütünlüklə qarşısını almaq mümkünsüzdür. Bir vaxtlar ABŞ dezinformasiya ilə mübarizə üçün vəsait ayırmışdı. Lakin bu özünü doğrultmadı. Dezinformasiyanın qarşısını almaq üçün nüfuzlu media qurumların imkanlarından istifadə edilməlidir. Vaxtilə SSRİ-yə qarşı aparılan informasiya müharibəsində sərhədlər boyunca çox böyük qurğular tikdilər, amma heç bir faydası olmadı. Yəni, dezinformasiya ilə mübarizə üçün mütəhərrik metodlardan istifadə edilməlidir".
Qulu Məhərrəmli COP29-un Azərbaycanda keçirilməsini ölkəmiz üçün uğurlu "piar" kampaniyası olduğunu və dezinformasiyaların bu uğur qarşısında kölgədə qaldığını deyib.