BAKI, 25 noyabr— Sputnik. "Son illərdə Azərbaycan iqtisadiyyatının neft-qaz sektorundan asılılığın əhəmiyyətli dərəcədə azalması müşahidə edilir".
Bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, neft hasilatınn pik həddi 2010-cu ildə (50,8 milyon ton) qeydə alınıb: "2014-cü ildə ölkədə neft hasilatı 42,1 milyon ton, 2018-ci ildə 38,8 milyon ton, 2021-ci ildə 31,6 milyon ton təşkil edib. Bu il isə neft hasilatının proqnozlaşdırılan həcmi 29,2 milyon tondur. Cari ildə "Brent" markalı neftin orta qiymətninin 80 ABŞ dolları ətrafında olacağı gözlənilir. Müqayisə etsək, 2014-cü ildə neftin orta qiyməti 99 ABŞ dolları olub".
Nazir əlavə edib ki, 2014-cü ildə dövlət büdcəsində neft-qaz sektorunun payı 15,5 milyard ABŞ dolları və ya büdcə gəlirlərinin 66%-ni təşkil edirdisə, 2024-cü ilin dürüstləşdirilmiş büdcəsində neft-qaz gəlirləri 10,5 milyard ABŞ dolları olmaqla büdcə gəlirlərində payı 49%-ə enib. Bu nəticə ölkə iqtisadiyyatınn şaxələndirilməsi istiqamətində görülən işləri əks etdirir".
Qeyd edilib ki, Azərbaycan bu gün dünyanın enerji təhlükəsizliyində və davamlı enerji təminatında etibarlı tərəfdaşa çevrilib. Bu ilin yanvar-oktyabr aylarında xarici bazarlara qaz satışı 20,7 milyard kubmetr təşkil edib, bu da, 2023-cü ilin eyni dövrünə nisbətən 4,6% çoxdur. Nəticədə, bölgənin və Avropanın 12 ölkəsinə Azərbaycan qazı ixrac olunacaq.
M.Cabbarov vurğulayıb ki, Azərbaycanda yaşıl enerjiyə keçid strategiyası da uğurla həyata keçirilməkdədir: "Alternativ energetikanın inkişafı məqsədilə bu sahədə dünyanın aparıcı şirkətləri ilə artıq bağlanmış müqavilələrə əsasən 2 milyard ABŞ dolları həcmində investisiyanın yatırılması nəticəsində 2 min meqavat gücündə enerji istehsalı mümkün olacaq. Bu, 2027-ci ildə ümumi enerji istehsalında bərpaolunan enerjinin payının 33%-ə çatdırmağa imkan verəcək".