SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Paşinyan niyə sülhə tələsir?

Millət vəkili bildirib ki, Ermənistanda Paşinyanın mövqeyi getdikcə zəifləyir.
Sputnik
BAKI, 24 noyabr — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan, Ermənistan İctimai Televiziyasına verdiyi müsahibədə, Azərbaycanla sülh sazişinin 2024-cü ilin sonuna qədər imzalanması üçün bütün səylərini göstərəcəyini bildirib. Paşinyan ölkəsinin Azərbaycanla sülh prosesində müsbət irəliləyişlər olduğunu və Avropa İttifaqı missiyasının delimitasiya olunacaq ərazidə fəaliyyət göstərməməsi təklifini gündəmə gətirib. O, bunun sülh prosesinə müsbət təsir göstərəcəyinə ümid etdiyini qeyd edib.
Bəs Paşinyanı sülhə hansı iqtisadi və siyasi səbəblər tələsdirir?
Mövzu ilə bağlı Sputnik Azərbaycan-a fikirlərini bölüşüblər.
Politoloq Elşən Manafov bildirir ki, Paşinyanı tələsdirən bir neçə məqam var: "Onların arasında Cənubi Qafqazdakı geosiyasi vəziyyəti xüsusi qeyd etmək lazımdır. ABŞ-da Bayden administrasiyasının Tramp iqtidarı ilə dəyişməsi artıq faktdır. Bu faktın özü Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökumətinin təlaşlanması üçün yetərincə önəmli amildir. İstisna deyil ki, Tramp Cənubi Qafqazla bağlı əvvəlki administrasiyadan fərqli siyasət yürüdəcək və Ermənistana əvvəlki münasibəti bəsləməyəcək. Bu isə Paşinyan iqtidarını düşünməyə vadar edir".

Politoloq qeyd edir ki, ABŞ-ın Ermənistanla mnüasibətlərinin xarakterinin dəyişə bilməsi ehtimalı və Ermənistan daxilindəki gərgin siyasi mühit Paşinyanı sülhə tələsdirən əsas amillərdir: "Paşinyan özünün islahatçı imicini qorumaq üçün dividentlər qazanmaq istəyir. 2026-cı ildə nəzərdə tutlmuş seçkilərə hazırlaşan Paşinyan iqtidarının seçkilərdə uğur qazanmaq üçün tutarlı arqumentə ehtiyacı olacaq ki, bunlardan birini də Azərbaycanla sülhün əldə olunması təşkil edə bilər".

"Azərbaycanla münasibətlərin normallaşması üçün sülh sazişi üzrə şərtlərin tam yerinə yetirilməsi zəruridir. Eyni zamanda Azərbaycan-Rusiya münasibətlərindəki müsbət dinamika, bundan fərqli olaraq Ermənistanın Rusiya ilə münasibətlərində gərginliyin yüksəldilməsi istiqamətində götürülümüş məlum xətt də təbii ki, Paşinyan iqtidarının xeyrinə deyil. Paşinyan anlayır ki, bu amil Azərbaycanla ehtimal edilən növbəti qarşıdurmada onun əleyhinə olacaq. Ona görə də, Ermənistan baş naziri hər ehtimala qarşı Rusiya ilə münasibətlərin müsbət məcraya yönəlməsi üçün addımlar atacaq. Təbii ki, bütün bunlar Ermənistan hakimiyyətinin koorparativ maraqlarından irəli gəlir".

Millət vəkili Fazil Mustafa isə bildirib ki, Ermənistanda Paşinyanın mövqeyi getdikcə zəifləyir: "Ermənistanın elə problemləri var ki, onlar ümummilli əhəmiyyət daşıyır. Onların həlli ilə bağlı hər hansı yekun nəticənin olmaması Paşinyan iqtidarını narahat edir, ona görə sülhə tələsirlər. Sülh danışıqları ilə bağlı müəyyənliyin olması Ermənistan üçün vacibdir. Paşinyan Ermənistanın gələcəyini birdəfəlik təminat altına almaq istəyir. Çünki Azərbaycanla münasibətlərin normallaşması Ermənistan iqtisadiyyatına müsbət təsir göstərə bilər".

"Ermənistanın iqtisadi vəziyyətinin ağırlaşması onun üçün bərpası olmayan problemlərlə nəticələnəcək. Kommunikasiyaların açılması isə inteqrasiya və bölgənin inkişafı üçün faydalı olacaq. Bu baxımdan Paşinyanın bəyanatlarına iqtisadi və siyasi əsaslı yanaşmaların təsiri görünməkdədir. Paşinyan Ermənistan cəmiyyətində gələcəyə hansı bir ümid yaratmaq istəyir", - millət vəkili qeyd edib.