BAKI, 24 noyabr — Sputnik. Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bağlanış plenar sessiyasının ikinci hissəsi yekunlaşıb.
"Report"un məlumatına görə, COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev son iki həftə ərzində tərəflərin çox gərgin işlədiyini bildirib, heç kimin Bakıdan əsas məqsədimizlə bağlı yaxşı nəticə əldə etmədən getmək istəmədiyini, dünyanın gözünün COP-a fokuslandığını deyib.
Braziliyanın ətraf mühit naziri Marina Silva bildirib ki, ölkəsində keçiriləcək COP30 konfransı bütün ölkələr arasında möhkəmlənəcək əməkdaşlığın nümunəsi olmalıdır.
Daha sonra COP29 çərçivəsində keçirilmiş müzakirələrin hesabatları və iclasların protokolları, həmçinin razılaşdırılmış sənədlər təsdiqlənib. COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan edilməsi barədə qətnamə qəbul olunub.
Plenar iclasda Paris Sazişinin 6-cı maddəsi tam təsdiq olunub. Bu, yüksək inteqrasiya olunmuş karbon bazarları üzrə danışıqların onillik müddətdən sonra başa çatmasıdır.
Tədbirdə inkişaf etməkdə olan ölkələrin, o cümlədən kiçik ada, ən az inkişaf etmiş və Afrika dövlətlərinin səbirsizliklə gözlədiyi İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən tarixi qərar qəbul olunub.
Plenar iclasda Paris Sazişinin 13-cü maddəsinə uyğun olaraq İkiillik Şəffaflıq Hesabatlarının hazırlanması, qabiliyyət quruculuğu sahəsində inkişaf etməkdə olan ölkələrə maliyyə və texniki dəstəyin göstərilməsinə dair qərar qəbul olunub. Qərar Paris Sazişinin 13-cü maddəsi ilə yaradılan Zənginləşdirilmiş Şəffaflıq Çərçivəsinin həyata keçirilməsi, o cümlədən inkişaf etməkdə olan ölkələr tərəfindən İkiillik Şəffaflıq Hesabatlarının hazırlanmasına maliyyə və texniki dəstəyin göstərilməsini ehtiva edir.
Plenar iclasın davamında yeni iqlim hədəfi qəbul olunub. Belə ki, COP29-un əsas prioriteti olan iqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfi qəbul olunub.
Sənədə əsasən, inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti üçün ildə 100 milyard ABŞ dolları məbləğində vəsaitin birgə səfərbər edilməsi məqsədinin 2035-ci ilədək ən azı 300 milyard ABŞ dollarına çatdırılması təmin ediləcək. Bu vəsait dövlət, özəl, habelə çoxtərəfli mənbələr daxil olmaqla bütün mümkün mənbələr hesabına təmin olunacaq. Sənəd inkişaf etməkdə olan ölkələri könüllülük prinsipi əsasında iqlim maliyyəsinə töhfə verməyə çağırır.
COP29 Prezidenti Muxtar Babayev Azərbaycan Prezidenti İlham Əliyevə tədbirin yüksək səviyyədə təşkilinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib. O, BMT-nin rəhbərliyinin və müvafiq qurumlarının, Azərbaycanın dövlət orqanlarının, COP29 Əməliyyat Şirkətinin, könüllülərin fəaliyyətini vurğulayıb.
Qeyd edək ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə bağlı qərar COP28-in 2023-cü ilin dekabrın 11-də keçirilən plenar iclasında verilib. Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) noyabrın 11-də başlayıb. COP29 Sədrliyi Fəaliyyət Gündəliyi çərçivəsində qlobal təşəbbüsləri elan edib. Sədrlik tərəfindən irəli sürülən təşəbbüslərin məqsədi iqlim fəaliyyətini irəlilətmək, tərəf olmayan maraqlı tərəflərin fəal iştirakını təşviq etmək və iqlim dəyişmələri ilə bağlı ambisiyaları artırmaq və fəaliyyətə təkan verməkdir.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir. Tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kioto Protokolu müzakirə olunmuşdu. 2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub. Razılaşmaya bu günədək 195 ölkə, o cümlədən Azərbaycan da qoşulub.
***
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) "Bakı maliyyələşdirmə məqsədləri" (Baku Finance Goal) adlı yeni iqlim maliyyə meyarının yaradılması ilə bağlı sıçrayışlı konsensus əldə edilib.
COP29 saytının yaydığı məlumatına görə, bu mexanizm 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrdə iqlim layihələrinin inkişafı üçün hər il 1,3 trilyon ABŞ dollarının səfərbər edilməsini nəzərdə tutur.
Yeni hədəfin əsas hissəsi inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan dövlətlər üçün iqlim layihələrinə ildə ən azı 300 milyard dollar ayırmaq öhdəliyidir. Bu, əvvəlki 100 milyard dollarlıq hədəfdən üç dəfə çoxdur.
Diplomatiya ilinin Azərbaycanın himayəsi altında uğuru
İrəliləyiş Azərbaycanın COP29-a sədrliyinin başçılıq etdiyi gərgin aylarla davam edən diplomatik işin nəticəsi idi. Konfransın sədri Muxtar Babayev deyib:
"Bakının maliyyələşdirmə məqsədi əldə edə biləcəyimiz ən yaxşı razılaşmanı əks etdirir. Geosiyasi parçalanma ilində çoxları Azərbaycanın konsensusa nail ola biləcəyinə şübhə edirdi. Onlar yanıldılar. Bakı qlobal iqlim maliyyəsinin arxitekturasını həmişəlik dəyişdi".
Yeni mexanizmlər və tarixi qərarlar
COP29-da "Bakı maliyyələşdirmə məqsədləri" ilə yanaşı, karbonun kvota bazarlarını tənzimləyən Paris Sazişinin 6-cı maddəsi ilə bağlı on illik danışıqlar başa çatıb.
Hesablamalara görə, karbon bazarlarından maliyyə axını 2050-ci ilə qədər ildə 1 trilyon dollara çata bilər ki, bu da milli iqlim planlarının həyata keçirilməsi xərclərini hər il 250 milyard dollar azalda bilər.
Konfransda həmçinin 2025-ci ildə vəsaitlərin paylanmasına başlayacaq İtki və Zərər Fondunun fəaliyyətə başlaması qeyd olunub.
İqlim əməkdaşlığının yeni dövrü
COP29 iqlim dəyişikliyi ilə mübarizədə əsas addımları qeyd edən əlamətdar hadisə idi:
Şəffaflıq və hesabat standartlarının, o cümlədən Bakı Şəffaflıq Platformasının təsdiqi;
Maliyyə, İnvestisiya və Ticarət üzrə Bakı Təşəbbüsünün (BICFIT) qəbul edilməsi;
Metan emissiyalarını, dayanıqlı turizmi və su ehtiyatlarını azaltmaq üçün qlobal öhdəliklərin elan edilməsi.
Beynəlxalq ekspertlər vurğulayırlar ki, COP29-un nailiyyətləri Azərbaycanın qlobal iqlim gündəliyinin aparıcı iştirakçılarından biri kimi rolunu təsdiqləyir.
03:00
İllik iqlim maliyyələşməsi üçün məbləğ təsdiqlənib
BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) ildə minimum 300 milyard ABŞ dolları məbləğində iqlim dəyişikliyi ilə mübarizə üzrə təklif olunan sazişin yekun variantı təsdiq edilib.
Bu barədə COP29-un yekun plenar iclasının ikinci hissəsində bildirilib.
Sənədə əsasən, inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti üçün ildə 100 milyard ABŞ dolları məbləğində vəsaitin birgə səfərbər edilməsi məqsədinin 2035-ci ilədək azı 300 milyard ABŞ dollarına çatdırılması təmin olunacaq.
Bəyanat iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bağlanış plenar sessiyası davam edir.
Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə bağlı qərar COP28-in 2023-cü ilin dekabrın 11-də keçirilən plenar iclasında verilib. Bakıda COP29 noyabrın 11-də başlayıb. COP29 Sədrliyi Fəaliyyət Gündəliyi çərçivəsində qlobal təşəbbüsləri elan edib. Sədrlik tərəfindən irəli sürülən təşəbbüslərin məqsədi iqlim fəaliyyətini irəlilətmək, tərəf olmayan maraqlı tərəflərin fəal iştirakını təşviq etmək və iqlim dəyişmələri ilə bağlı ambisiyaları artırmaq və fəaliyyətə təkan verməkdir.
23.11.24, 22:56
Tarixi qərar qəbul olundu
Bakıda tarixi qərar qəbul olunub.
COP29-da inkişaf etməkdə olan ölkələrin, o cümlədən kiçik ada, ən az inkişaf etmiş və Afrika dövlətlərinin səbrsizliklə gözlədiyi İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən qərar qəbul olunub.
Bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən iqlim dəyişmələrinin fəsadlarının kiçik ada ölkələrinə törətdiyi çətinliklərin həlli məsələsinin COP29 Sədrliyinin prioriteti kimi müəyyən edilməsinə uyğundur.
İtki və Zərər Fondunun (Loss and Damage Fund) yaradılması Misirdə keçirilmiş COP27 zamanı qərara alınmışdır. Fond iqlim dəyişmələrinin təsirlərinə ən həssas ölkələrə maliyyə yardımı göstərmək məqsədi daşıyır.
Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş COP28 zamanı Fondun fəaliyyətə başlaması ilə bağlı qərar qəbul olunmuşdu.
COP29 Sədrliyi və Zərər Fondunun fəaliyyətinin təmin edilməsi istiqamətində mühüm addımlar atıb, İdarə Heyəti və Dünya Bankı ilə sıx əməkdaşlıq edib. Cari ilin sentyabr ayında Fondun İdarə Heyətinin Bakıda keçirilmiş 3-cü iclası zamanı Fondun fəaliyyətə başlaması üçün vacib tədbirlər görülüb, Fondun icraçı direktoru vəzifəsinə İbrahima Şeyx Dionqun təyin edilib.
COP29 çərçivəsində isə İtki və Zərər Fondu ilə bağlı bir sıra mühüm sazişlər imzalanıb. Bunlar Fondun İdarə Heyəti ilə Dünya Bankı arasında “Qəyyumluq Sazişi” və “Katibliyin Ev Sahibliyi Sazişi”, eləcə də Fondun İdarə Heyəti ilə ev sahibi ölkə olan Filippin Respublikası arasında imzalanmış “Ev Sahibi Ölkəyə dair Saziş”dir.
Hazırda Fonda vəd edilən ümumi maliyyə dəstəyi məbləği 730 milyon ABŞ dollarından artıqdır.
Hazırda Fonda vəd edilən ümumi maliyyə dəstəyi məbləği 730 milyon ABŞ dollarından artıqdır.
Əldə edilən bu nailiyyətlərlərlə İtki və Zərər Fondu 2025-ci ildən etibarən layihələri maliyyələşdirə biləcək. Bu, Azərbaycanın COP29 Sədrliyinin növbəti uğurudur.
***
COP29-da Paris Sazişinin 6-cı maddəsinin tam icrasına nail olunub, beynəlxalq karbon bazarları açılır.
COP29 Sədrliyi bu gün Paris Sazişinin 6-cı maddəsinə əsasən yüksək inteqrasiya olunmuş karbon bazarları üzrə danışıqları yekunlaşdırmaq üçün onillik gözləmə müddətinin başa çatdığını elan edib.
Qeyd edilir ki, bu, builki Sədrliyin əsas prioritetlərindən biri idi və intensiv texniki və siyasi danışıqlar vasitəsilə Tərəfləri bu mühüm nailiyyətə doğru sövq etdi. Bu strategiya illərlə davam edən çıxılmaz vəziyyəti aradan qaldırır və Paris Sazişinin son bəndini tamamlayır.
Sözügedən maddə iqlim məqsədlərinə nail olmaq istiqamətində əməkdaşlıq aparan ölkələr üçün möhkəm və şəffaf karbon bazarları təmin edir.
Bu transsərhəd əməkdaşlığın ölkələrin milli iqlim planlarının həyata keçirilməsi xərclərini ildə 250 milyard dollara qədər azaldacağı gözlənilir.
***
İtki və Zərərlərə Cavab Verən Fondun COP29-un Prezidentliyinə təqdim etdiyi hesabat qəbul olunub.
COP29-un Prezidenti, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev iştirakçılara qərar layihəsinin səsverməyə çıxarılmasını təklif edib.
Yekun nəticədə hesabat iştirakçı ölkələrin nümayəndələri tərəfindən qəbul olunub.
***
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyasının (COP29) bağlanış plenar iclası başlayıb.
İclasda bugünədək aparılan müzakirələrin nəticələri dəyərləndirilir və gündəliyin ayrı-ayrı bəndləri üzrə fikir mübadiləsi aparılır.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyasının yüksək səviyyəli təşkilinə görə Azərbaycana rəsmi təşəkkür elan edilməsi barədə qətnamə layihəsi qəbul olunub.
COP29-un Prezidenti Muxtar Babayev layihənin səsə qoyulmasını təklif edib.
Nəticədə qətnamə layihəsi təsdiqlənib.
19.11.24, 14:48
COP29: Nazirlərin görüşü keçirilib
COP29 çərçivəsində "Mavi zona"da fəaliyyət göstərən Azərbaycan pavilyonunda İqlimə Davamlı Kənd Təsərrüfatı Təcrübələrinin Təkmilləşdirilməsi üzrə Yüksək Səviyyəli Nazirlər Görüşü keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, "Qida, Kənd Təsərrüfatı və Su Günü"ndə keçirilən panel müzakirənin moderatorluğunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə Regional Nümayəndəsi Viorel Gutu edib.
Görüşdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbayanda iqlimə davamlı kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib. Nazir bildirib ki, müxtəlif iqlim şəraiti, məhdud su ehtiyatları və Qarabağda yeni azad edilmiş torpaqların bərpası ilə bağlı layihələrin icrası ilə yanaşı, aqrar sahədə innovasiyaların tətbiqinə, bu istiqamətdə beynəlxalq əməkdaşlığa xüsusi önəm verilir.
Azərbaycanın iqlimə davamlılıq üzrə siyasət çərçivəsi torpaq və su ehtiyatlarının davamlı və düzgün idarə olunmasını ehtiva edir. Bildirilib ki, Azərbaycan hökuməti iqlimə davamlı kənd təsərrüfatı təcrübələri vasitəsilə iqlim risklərini azaltmağa və su resurslarının səmərəliliyini artırmağa xüsusi önəm verir. İrriqasiya sistemlərinin müasirləşdirilməsi və quraq bölgələrdə suyun səmərəli idarə edilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda fermerlərin fəaliyyəti hərtərəfli dəstəklənir. Subsidiya proqramları, aşağı faizli kreditlər və investisiya qrantları fermerlərə iqlimə davamlı təcrübələrə keçmək, yeni texnologiyalar qəbul etmək, məhsuldarlığı artırmaq və ətraf mühitə təsirləri azaltmaq imkanı verir: "Bu səylər fermerlərimizin bu günün çağırışlarına cavab vermək və sabahkı imkanlardan istifadə etmək üçün təchiz olunmasını təmin edir".
Tədbirdə çıxış edən Uruqvayın kənd təsərrüfatı və heyvandarlıq naziri Fernando Mattos Kosta bildirib ki, iqlim dəyişikliyi fonunda məhdud torpaq və su resursları kənd təsərrüfatı məhsullarının istehsalı prosesinə təzyiq edir. Kiçik fermer təsərrüfatlarının inkişafının vacib olduğunu deyən uruqvaylı nazir bu istiqamətdə kənd təsərrüfatı istehsalçılarına hərtərəfli və lazımı dəstəyin vacib olduğunu vurğulayıb.
Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirinin müavini Əhməd Bağçı ölkəsində iqlim davamlılığını dəstəkləyən siyasət çərçivələri barədə məlumat verib. O, müxtəlif ölkələrdə ərzaq təhlükəsizliyinin təmini üçün kənd təsərrüfatı texnologiyasında yeniliklər, davamlı torpaq və su idarəetmə təcrübələri istiqamətində beynəlxalq əməkdaşlıqın mühüm olduğunu vurğulayıb.
Qazaxıstanın kənd təsərrüfatı nazirinin müavini Ermek Kenzhehanuly ölkəsində müasir texnologiyalar əsasında dayanıqlı kənd təsərrüfatının qurulmasına xüsusi önəm verildiyini diqqətə çatdırıb. Bildirilib ki, kənd təsərrüfatının müasir və rəqəmsal kənd təsərrüfatına çevrilməsi prosesində olan Qazaxıstan kənd yerlərini inkişaf etdirmək və onları dəyər zəncirinə inteqrasiya etmək üçün rəqəmsal texnologiyalardan yararlanır.