BAKI, 23 noyabr — Sputnik. İsraillə Hizbullah hərəkatı arasında gedən döyüşlər səbəbindən 896,3 min Livan vətəndaşı evlərini tərk etmək məcburiyyətində qalıb. Bu barədə BMT-nin Livandakı Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) hesabatında deyilir.
Məlumata görə, qaçqınların 51 faizini qadınlar təşkil edir. Livanda məcburi köçkünlər üçün 1173 müvəqqəti sığınacaq var. Onlardan 975-i artıq tam dolub, 188 mindən çox insan sığınacaqlarda qalır. Münaqişə nəticəsində ölənlərin sayı 3,5 mini keçib, 15 mindən çox insan yaralanıb.
Oktyabrın 1-də İsrail ordusu Livanın cənubunda Hizbullaha qarşı quru əməliyyatına başlayıb. Noyabrın 23-də İsrail Beyrutun mərkəzinə hava zərbəsi endirib. Nəticədə 4 nəfər ölüb, 20-dən çox insan yaralanıb. Bu, İsrailin Livanın paytaxtına bu həftə ən azı dördüncü aviazərbəsidir.