DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ Ukraynaya qadağan olunmuş piyada əleyhinə minaların tədarükünə razılıq verib

Zelenski təsdiq edib ki, ölkə Qərbdən Rusiyanın dərinliklərinə zərbə endirmək üçün uzaqmənzilli raketlərdən istifadə etmək icazəsi alıb.
Sputnik
BAKI, 23 noyabr — Sputnik. ABŞ Ottava müqaviləsi ilə qadağan edilmiş piyada əleyhinə minaların Ukraynaya tədarükünü təsdiqləyib.
ABŞ KİV-lərinin yazdığına görə, Pentaqonda belə bir addımın Rusiyanın irəliləyişini ləngidəcəyini düşünürlər.
Məlumata görə, Ukrayna yalnız məhdud müddət ərzində (akkumulyator enerji yığdıqdan sonra) aktiv olacaq minalardan istifadə etməyi öhdəsinə götürüb.
Daha əvvəl Vladimir Zelenski ölkənin Qərbdən Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün uzaqmənzilli raketlərdən istifadə etmək icazəsi aldığını təsdiqləyib.

"Hazırda təkcə mediada deyil, müvafiq ölkələrin adekvat qərarlarında da onların qoşunlarının harada yerləşməsindən asılı olmayaraq, Rusiyanın hərbi potensialını azaltmaq imkanlarının artırılması çox vacibdir" - Zelenski bildirib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin çərşənbə axşamı gecə saatlarında altı "ATACMS" ballistik raketi ilə Bryansk bölgəsinə hücum etdiyini, Rusiya hava hücumundan müdafiə sisteminin isə beş raketi vurduğunu bildirib.
Rusiya Prezidenti Vladimir Putin bundan əvvəl bildirib ki, NATO ölkələri yalnız Kiyevin Qərbin uzaqmənzilli silahlarından mümkün istifadəsini müzakirə etmirlər, əslində onlar birbaşa Ukrayna münaqişəsinə qarışıb-qarışmayacağına qərar verirlər. Qərb ölkələrinin Ukrayna münaqişəsində birbaşa iştirakı onun mahiyyətini dəyişdirəcək, Rusiya onun üçün yaradılan təhdidlərə əsaslanaraq qərarlar verməyə məcbur olacaq.
Xatırladaq ki, 3 dekabr 1997-ci ildə imzalanmış Ottava Müqaviləsi və ya Piyada əleyhinə minaların qadağan edilməsi Konvensiyası piyada əleyhinə minaların istifadəsini, yığılmasını, istehsalını və ötürülməsini qadağan edir. 160-dan çox dövlət bu müqavilənin iştirakçısıdır; 2005-ci ildə Ukrayna onu ratifikasiya edib.