BAKI, 22 noyabr — Sputnik. Azərbaycanda binalarda yeni isitmə sisteminə keçidlə bağlı iş aparılır.
Bu barədə maliyyə naziri Samir Şərifov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, "Azəristiliktəchizat"a dövlət büdcəsindən ildə 46 milyon manat vəsait ayrılır: "Ancaq qurumun əhalidən yığdığı tarif faktiki xərclərdən xeyli aşağıdır. Burada da böyük zərər əmələ gəlir. Qazanxanaların səmərəliliyi olduqca aşağıdır. Yeni, daha müasir isitmə sisteminə keçmək lazımdır. Bununla bağlı bəzi təkliflər var, hazırda üzərində iş gedir".
Xatırladaq ki, "Azəristiliktəchizat" ASC 2023-cü ili 9,7 milyon manat zərərlə başa vurub. ASC-nin maliyyə hesabatına əsasən, bu, 2022-ci illə müqayisədə 18,1% çoxdur.
Sənədə əsasən, ötən il səhmdar cəmiyyətinin yığılmış zərəri 9% artaraq 118,2 milyon manata çatıb.
Bu il yanvarın 1-nə "Azəristiliktəchizat"ın aktivləri 154,3 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,7% çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 14,3% artaraq 77,7 milyon manata çatıb.
Ötən il "Azəristiliktəchizat" ASC-ə dövlət tərəfindən kapital qoyuluşunun həcmi 2022-ci illə müqayisədə 4,7% artırılıb. Belə ki, ASC-yə dövlət tərəfindən kapital qoyuluşu 55609208 manatdan 58218329 manata çatdırılıb.
Hazırda əhali qrupu üçün istilik xidməti tarifi 1 kvadratmetr yaşayış sahəsinə görə aylıq 15 qəpikdir və bu tarifdə dəyişiklik yoxdur.
Tarif (qiymət) Şurasının 25 sentyabr 2024-cü il tarixində növbəti iclası keçirilib və müvafiq qərarlar qəbul edilib. Nazirlər Kabinetinin 2024-cü il 3 aprel tarixli 197 nömrəli Qərarı ilə qeyri-əhali istehlakçılarının istilik təchizatı xidmətinin tarifləri dövlət tənzimlənməsindən çıxarılıb. Bu xidmətlərin tarifləri "Azəristiliktəchizat" ASC ilə müqavilə əsasında müəyyən ediləcək. Bununla əlaqədar Şuranın 24 noyabr 2011-ci il tarixli 4 nömrəli Qərarı Nazirlər Kabinetinin müvafiq Qərarına uyğunlaşdırılıb.
Bundan öncə "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı Sputnik Azərbaycan-a bildirib ki, 2024-cü il sentyabrın 1-dən etibarən qeyri-əhali istehlakçıları üçün istilik xidmətləri ilə bağlı qiymətlər müqavilə ilə müəyyən ediləcək: "İndiyə kimi qeyri-əhali istehlakçıları 1 kubmetr isidilən həcm üçün aylıq 25 qəpik ödəyirdilər. Bundan sonra isə qiymətlər müqavilə ilə müəyyən ediləcək. Yenilik ondan ibarətdir ki, qeyri-əhali qrupu üçün istilik xidmətləri ilə bağlı qiymətlər dövlət tərəfindən tənzimlənən qiymətlərin siyahısından çıxarılıb. Yəni bundan sonra qeyri-əhali qrupu üçün istilik xidmətləri tariflərini Tarif Şurası müəyyən etməyəcək. Bu qərar əhali qrupuna aid deyil".
O bildirib ki, sentyabrın 1-dək qeyri-əhali üçün istilik xidmətləri ilə bağlı xərclər müəyyən ediləcək və ona uyğun da müqavilələr bağlanacaq: "Qeyri-əhali qrupu üçün istilik xidmətləri ilə bağlı qiymətlər dəyişəcək. Ancaq bu qiymətlərin bahalaşıb və ya ucuzlaşacağını indidən demək mümkün deyil".
"Azəristiliktəchizat" dövlət başçısının "İstilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 8 iyun 2005-ci il tarixli sərəncamı əsasında yaradılıb. Səhmdar cəmiyyəti Bakıda və regionlarda yaşayış evlərini və binaları, təhsil, səhiyyə müəssisələrini və digər sosial təyinatlı obyektləri istiliklə təchiz edir.