BAKI, 22 noyabr — Sputnik. "2017-ci ildən hazırkı dövrədək dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili zamanı görülmüş təxirəsalınmaz əməliyyat tədbirləri və sərhəd naryadlarının ayıq-sayıqlığı nəticəsində 6 ton 928 kiloqram narkotik vasitə və 533 min 406 psixotrop həb aşkarlanıb".
Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini - Sərhəd Qoşunlarının komandanı, general-leytenant Araz Məmmədov Sərhəd Qoşunları Komandanlığının "Şəmkir" sərhəd dəstəsində keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, qarşılıqlı əlaqədə olaraq qaçaqmal və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində aşkarlanaraq götürülmüş narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə çərçivəsində ümumi çəkisi 6 ton 928 kiloqram narkotik vasitə və 533 min 406 psixotrop həb aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Saxlanılan narkotik vasitələrin ümumi təxmini dəyəri 162 milyon 610 min 694 manat təşkil edib.
Bildirilib ki, Dövlət Sərhəd Xidməti (DSX) Sərhəd Qoşunları Komandanlığının əsas vəzifələri beynəlxalq terrorçuluğa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa, zəhərli, radioaktiv, partlayıcı maddələrin, odlu silah və döyüş sursatının, digər kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə və dövlət sərhədinin mühafizəsidir. Sərhəd Qoşunları Komandanlığında xidmətin keyfiyyətinin artırılması üçün kadr hazırlığına xüsusi diqqət yetirilir.
Onun sözlərinə görə, bu məqsədlə DSX Akademiyasında sərhədçi zabit kadrları hazırlanır, həmçinin digər təyin olunmuşlar üçün təlim-tədris mərkəzlərində kurslar keçirilir. Nəticədə DSX Sərhəd Qoşunlarının komandanlığı fəaliyyətə başladığı 2017-ci ildən hazırkı dövrədək dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili zamanı görülmüş təxirəsalınmaz əməliyyat tədbirləri və sərhəd naryadlarının ayıq-sayıqlığı nəticəsində 1636 nəfər sərhəd pozucusu, 1021 nəfər rejim pozucusu saxlanılaraq müvafiq dövlət orqanlarına təhvil verilib.