BAKI, 22 noyabr — Sputnik. Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi artır. Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 3,9 milyard dollar təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,5 faiz çoxdur. Hesabat dövründə Azərbaycanın Rusiyadan idxalı 19,6 faiz artaraq 2,9 milyard dollara çatıb.
Rusiya Azərbaycanın üçüncü xarici ticarət tərəfdaşı olub
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft məhsulları ixrac etdiyi ölkələr arasında Rusiya birinci yerdə qərarlaşıb. Belə ki, Azərbaycandan Rusiyaya 972 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz çoxdur. Azərbaycandan Rusiyaya əsasən meyvə-tərəvəz, meyvə şirələri, kərə yağı və digər məhsullar göndərilib. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 10 faizi Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb və Rusiya Azərbaycanın üçüncü xarici ticarət tərəfdaşı olub.
"Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi daha da artacaq"
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli Sputnik Azərbaycan-a bildirib ki, Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi illər üzrə durmadan artır:
"Azərbaycan Prezidenti ilə Rusiya Prezidenti arasında mütəmadi görüşlər, yeni sərhəd-buraxılış məntəqələrinin inşası, kənd təsərrüfatı məhsullarının daşınması üçün şəraitin yaradılması, yeni sənədlərin imzalanması ticarət dövriyyəsinin daha da artmasına gətirib çıxardacaq. Azərbaycanın aqrar məhsulları ən çox Rusiya bazarına göndərilir. Sahibkarlarımız Rusiya bazarına daha çox üstünlük verirlər. Hazırda ticarət üçün yeni imkanların yaradılmasına səylər göstərilir. Ona görə də növbəti dövrlərdə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi daha da artacaq və bunun üçün müvafiq şərait mövcuddur".
Emin Qəribli
© Sputnik / Murad Orujov
"Ticarət dövriyyəsi 5 milyard dollara çatdırıla bilər"
İqtisadçı-ekspert Xalid Kərimli də Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 5 milyard dollara çatdırıla bilər və bunun üçün potensial var:
"Xüsusən də Rusiyanın Avropa İttifaqı ilə ticarət əlaqələrinin məhdudlaşdırılması bu ölkənin digər bazarlara yönəlməsinə gətirib çıxardır. Azərbaycanın Rusiya ilə idxal-ixrac əməliyyatlarının artırılması hər iki ölkənin maraqlarına uyğundur".
Azərbaycan-Rusiya İşçi Qrupunun iclası keçirilib
Qeyd edək ki, bu yaxınlarda Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi və Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya İşçi Qrupunun beşinci iclası keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat verilib ki, iclasda Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Rusiyanın kənd təsərrüfatı nazirinin müavini Sergey Levin, iki ölkənin müvafiq strukturları və aqrar sahədə fəaliyyət göstərən müəssisələrin nümayəndələri iştirak ediblər.
İclasda Azərbaycan və Rusiya arasında kənd təsərrüfatında mövcud vəziyyətə toxunulub, tərəflər Azərbaycan ilə Rusiya arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsində də əlaqələrin inkişaf etdiyini vurğulayıblar.
İşçi Qrupunun iclasında iki ölkə arasında kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, aqrar sahədə ən müasir texnologiyaların transferi, rəqəmsallaşma, elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilməsi sahələrində əməkdaşlıq və digər məsələlər müzakirə olunub. Qeyd olunub ki, iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsi üçün böyük potensial mövcuddur. İclas çərçivəsində kənd təsərrüfatı sahəsində yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib, əlaqələrin genişləndirilməsi məqsədilə qurumlar arasında davamlı dialoqun qurulmasının vacibliyi vurğulanıb.
Azərbaycan Rusiyaya aqrar məhsulların əsas tədarükçülərindəndir
Xatırladaq ki, bundan öncə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Rusiyanın kənd təsərrüfatı naziri Oksana Lut ilə görüşüb. Görüşdə dövlət başçılarının birgə səyləri nəticəsində Azərbaycan ilə Rusiya arasında ikitərəfli əlaqələrin siyasi, ticari-iqtisadi, energetika, nəqliyyat-tranzit, humanitar və bir çox digər sahələrdə yüksək inkişaf dinamikası nümayiş etdirdiyi bildirilib. Vurğulanıb ki, iki ölkə arasında iqtisadiyyatın bütün istiqamətlərində olduğu kimi, kənd təsərrüfatı sahəsində də əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Azərbaycanın Rusiyaya kənd təsərrüfatı məhsullarının əsas tədarükçülərindən biri olduğu qeyd edilib. Kənd təsərrüfatı məhsullarının təchizatının artırılması ilə bağlı qarşılıqlı maraq ifadə olunub. Görüşdə iki ölkə arasında aqrar-sənaye kompleksinin müxtəlif istiqamətlərində əməkdaşlığın genişləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Əlavə edək ki, 2023-cü ildə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 17,5 faiz artaraq 4,3 milyard dollara çatıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.