BAKI, 21 noyabr - Sputnik. "Məhz ABŞ-ın hərəkətləri Yaxın Şərqdə və dünyanın digər regionlarında gərginliyin əsas və yeganə səbəbidir, Rusiya BMT Təhlükəsizlik Şurasında və digər beynəlxalq platformalarda dərhal atəşkəs lehinə fəal səylərini davam etdirəcək". Bu barədə Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın Qəzza zolağında atəşkəslə bağlı qətnaməyə veto qoymasından sonra yaydığı məlumatda deyilir.
Bundan əvvəl Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərinin Qəzza zolağında “dərhal, qeyd-şərtsiz və daimi” atəşkəs və “bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsini” tələb edən qətnamə layihəsinə veto qoyub.
“Yaxın Şərqdə və dünyanın digər regionlarında zorakılığın artmasının və milyonlarla mülki insanın əzab çəkməsinin əsas və faktiki olaraq yeganə səbəbi Birləşmiş Ştatların hərəkətləri olduğuna dair heç bir illüziya və ya şübhə yoxdur. Rusiya BMT Təhlükəsizlik Şurasında və digər beynəlxalq platformalarda dərhal atəşkəs əldə olunması, qarşıdurmanın daha da genişlənməsinin qarşısının alınması, ərəb-İsrail münaqişəsi zonasında hamılıqla tanınmış beynəlxalq hüquqi əsasda davamlı və uzunmüddətli sülh və təhlükəsizliyə nail olunması istiqamətində fəal səylərini davam etdirəcək", - məlumatda deyilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.