BAKI, 21 noyabr — Sputnik. Dünya bazarlarında neft qiymətləri cüzi yüksəlib. Rusiya və Ukrayna arasında gərginliyin artması ilə bağlı geosiyasi narahatlıqlar ABŞ-də neft ehtiyatlarının artmasını üstələyib. Ona görə də neft qiymətləri nisbətən bahalaşıb. ABŞ-də neft ehtiyatları gözləniləndən daha çox artıb. Adətən ABŞ-də neft ehtiyatları gözləniləndən çox artdıqda bazarda qiymətlər aşağı düşür. Lakin geosiyasi narahatlıqlar investorların diqqətindədir.
"Brent" markalı neft 16 sent artaraq 72,97 dollar, ABŞ-nin Qərbi Texas nefti (WTI) 16 sent artaraq 68,91 dollar olub.
"Azeri Light" markalı Azərbaycan nefti isə 78 sent azalaraq 74,40 dollar təşkil edib.
Analitiklərin fikrincə, "OPEC plyus" zəif qlobal neft tələbi ilə əlaqədar dekabrın 1-də toplaşacağı zaman hasilat artımını yenidən geri çəkə bilər. Bununla belə, Beynəlxalq Enerji Agentliyi (IEA) keçən həftə öz hesabatında 2025-ci ildə neft təklifinin tələbi üstələyəcəyini bildirib. Səbəb kimi "OPEC plyus" ixtisarları qüvvədə qalsa belə, ABŞ və digər istehsalçıların artan istehsalı ləng tələbatı üstələməsi göstərilib.
"OPEC plyus"un səkkiz üzv ölkəsi noyabrın 3-də könüllü olaraq hasilatın azaldılmasını daha bir ay uzadacaqlarını elan edib. Onlar neft qiymətlərinin aşağı düşməsi tendensiyasına cavab olaraq bildiriblər ki, dekabrın sonuna qədər bu ixtisarlar davam edəcək. Qruplaşma dekabr ayından hasilatı 180 min barel artırmalı idi.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.