TƏHLİL

Ermənistanda istefa dalğası nədən qaynaqlanır?

Paşinyan rəhbərlik etdiyi hökumətin tərkibindəki siyasi böhranı ört-basdır etmək üçün ölkənin hüquq, təhlükəsizlik sistemində davamlı islahatların aparılması zərurətini qeyd edir.
Sputnik
BAKI, 21 noyabr — Sputnik. Ermənistanda daxili siyasi mühitdə istefa dalğası hökm sürür. Ermənistanın infrastruktur naziri Qnel Sanosyan və Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan Nikol Paşinyanın iştirak etdiyi təcili iclasa çağırılıb. Qeyd olunur ki, onlar Paşinyanla sərt söhbətdən sonra istefa ərizəsi yazıblar.
Məlumatlara görə, Daxili İşlər Nazirliyinin rəhbəri Vahe Kazaryan və İstintaq Komitəsinin rəhbəri Arqişti Kyaramyan da istefa verib.
Yayılan digər informasiyaya görə, Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədri Sasun Xaçatryan da tutduğu vəzifədən istefa ərizəsi yazıb.
Bəs bütün bu istefaların Azərbaycanla aparılan danışıqlarla əlaqəsi varmı?
Mövzu ilə bağlı politoloq Elşən Manafovmillət vəkili Ceyhun Məmmədov fikirlərini Sputnik Azərbaycan-a bölüşüblər.
Politoloq Elşən Manafovun sözlərinə görə, Ermənistanın baş naziri Paşinyan bu istefaların şəxsi deyil, sistem mahiyyətli olduğunu bildirib:
Politoloq Elşən Manafov
"Əslində isə rəhbərlik etdiyi hökumətin tərkibindəki siyasi böhranla bağlı olduğunu ört-basdır etmək üçün ölkənin hüquq, təhlükəsizlik sistemində davamlı islahatların aparılması zərurətindən irəli gəldiyini bəyan edib. İstisna deyil ki, Paşinyan hökumətin islahatçı imicini daha da qabartmaq və ictimai rəyə təsir etmək, onu manipulyasiya etmək məqsədi ilə adları çəkilən yüksək çinli məmurları istefaya göndərib. Onların arasında ölkənin ali məhkəmə şurasının sədri, Dövlət istintaq komitəsinin rəhbəri, Antikorrupsiyaya mübarizə komitəsinin sədri, Daxili İşlər Naziri, Nəqliyyat naziri və başqaları da var. Bu da Ermənistan hakimiyyəti daxilində Paşinyana müxaliflərin olduğunu göstərir".
Politoloq xatırladıb ki, Paşinyan artıq 2026-cı ilin parlament seçkilərinə hazır olmaq qərarını verib: "Bu mənada istefalar seçkilərlə bağlı reallıqlardan da irəli gələ bilər. Digər tərəfdən, beynəlxalq aləmdə baş verən dəyişikliklər, məsələn ABŞ-dakı prezident seçkiləri də bu istefaları doğura bilər".
"Məlumdur ki, Bayden administrasiyasından fərqli olaraq Tramp MDB-dəki münaqişələri Rusiya ilə qarşıdurma konteksində deyil, danışıqlar yolu ilə nizamlamağın tərəfdarı olacağını bildirib. İstefaların hüquq, müdafiə sistemlərində olduğunu nəzərə alsaq, istisna deyil ki, Paşinyan bu sferalarda özünün daha çox etibar etdiyi şəxsləri görmək istəyir" - politoloq qeyd edib.
Millət vəkili Ceyhun Məmmədov isə hesab edir ki, bu istefaların Azərbaycanla davam edən danışıqlarla birbaşa əlaqəsi yoxdur:
Millət vəkili Ceyhun Məmmədov
"Ermənistanda davam edən istefalar bir neçə amillə bağlıdır. Son zamanlar Ermənistanda səs-küylü cinayətlər baş verir. Bu da erməni cəmiyyətinin narahatlığına səbəb olur. Paşinyanın əsas hədəf və məqsədi hakimiyyətini gücləndirməkdir. Digər bir mühüm məsələ isə Ermənistanda keçiriləcək seçkilərlə bağlıdır. Paşinyan və onun yaxın çevrəsi seçkilərə hazırlaşır. Ermənistan baş naziri ölkə cəmiyyətinin etimadını doğrultmayıb. Ona görə də hakimiyyət daxilində islahatlara getməyə məcburdur".
"Azərbaycanla münasibətlərin normallaşmasına Paşinyan komandasının daxilində etirazlar ola bilər. Bu baxımdan bu amil də son istefalara təkan verə bilər. Ancaq bu fikrin o qədər də güclü olmadığı Paşinyanın açıqlamalarından aydın olur" - millət vəkili qeyd edib.