İQTİSADİYYAT

Sosial yardım nə qədər artacaq? Şərh

İqtisadçı Natiq Cəfərli bildirib ki, ehtiyac meyarı prinsipi ilə yanaşılsa, dövlət aylıq gəliri 600 manat olan beş nəfərlik aləyə hər ay 750 manat kompensasiya ödəməlidir ki, ehtiyac meyarı ödənilsin.
Sputnik
BAKI, 20 noyabr — Sputnik. Azərbaycanda ehtiyac meyarının gələn ildən artmasından sonra ünvanlı dövlət sosial yardımının da artacağı barədə məlumat yayılıb.
Ünvanlı yardım adambaşına 285 manatdan hesablanacaq?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, gələn ildən etibarən ehtiyac meyarı 270 manatdan 285 manata çatdırılacaq. Onun sözlərinə görə, yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımdan vacibdir.
Ünvanlı yardım ehtiyac meyarına uyğun hesablanarsa...
"Bu kontekstdən ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin gələn ildən artmasına səbəb olacaq. Eyni zamanda, ehtiyac meyarı artırıldığı üçün daha çox ailə ünvanlı sosial yardıma müraciət edə biləcək".
Vüqar Bayramov
Deputat bunu belə şərh edib:
"Aydınlıq üçün bildirim ki, ailənin 5 üzvü varsa və həmin ailənin rəsmi aylıq gəliri 900 manatdır. Bu il həmin ailə üçün 1350 manat (5 nəfər X 270 manat) ehtiyac meyari, yəni xərc hesablanır. Bu zaman ailənin xərci ilə gəliri arasındakı fərq 450 manat (1350 manat- 900 manat) olur. Həmin ailənin ünvanlı sosial yardıma müraciət hüququ olduğu halda o proqram çərçivəsində ayda dövlətdən 450 manat yardım ala bilir. Amma bu rəqəm gələn ildən artacaq. Belə ki, həmin ailə üçün ehtiyac meyar gələn ildən 1425 manata yüksəlir (5 nəfər X 285 manat) və nəticədə həmin ailənin gəliri dəyişmədiyi halda aldığı aylıq yardım 450 manat deyil, 525 manat (1425 manat- 900 manat) olur".
Vüqar Bayramov onu da vurğulayıb ki, 2025-ci ildən etibarən ehtiyac meyarının ləğv edilməsi və yalnız yaşayış minimumdan istifadə olunması daha məqsədəuyğun olardı. Bu zaman ünvanlı sosial yardım proqamında da yaşayış minimumu meyarından istifadə etmək daha uyğundur.
Ünvanlı sosial yardımın verilməsində ehtiyac meyarı nəzərə alınırmı?
İqtisadçı Natiq Cəfərli isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, deputat Vüqar Bayramov məsələni real yox, formal tərəfdən şərh edib.
Onun sözlərinə görə, Azərbaycanda ünvanlı dövlət sosial yardımı ancaq ehtiyac meyarına görə verilmir.
Natiq Cəfərli
"Ehtiyac meyarı əsas tutularsa, aylıq gəliri az olan ailələrə kompensasiya ödənilməlidir"
"Azərbaycanda ünvanlı dövlət sosial yardımı ehtiyac meyarı nəzərə alınaraq verilsəydi, çox ailələr bu yardımdan bəhrələnməlidir. 5 nəfərlik ailənin aylıq gəliri hazırki ehtiyac meyarı ilə hesablandıqda, 1350 manat olmalıdır. İndi gəlin görək Azərbaycanda hansı ailəyə bu kompensasiya verilir. Ölkəmizdə elə ailələr var ki, evdə aylıq gəliri 600 manatdır. Əgər ehtiyac meyarı prinsipi ilə yanaşsaq, dövlət həmin aləyə hər ay 750 manat kompensasiya ödəməlidir ki, ehtiyac meyarı ödənilsin. Bu axı realda belə deyil, dövlət heç ünvanlı dövlət sosial yardımını ehtiyac meyarını əsas tutaraq vermir. Aylıq gəliri rəsmi şəkildə 600 manat olan 5 nəfərlik ailə ünvanlı dövlət sosial yardımı üçün müraciət edəndə, ona qarşı çoxsaylı tələblər irəli sürülür. Adında köhnə, işləməyən avtomobili varsa ünvanlı sosial yardım təyin olunmur. Bu zaman dövlət nəzərə almır ki, bu ailənin aylıq gəliri ehtiyac meyarından aşağıdır. Ona görə də, deputatın bu yanaşmasını düzgün hesab etmirəm. Ünvanlı dövlət yardımın verilməsində ehtiyac meyarını əsas tutan ölkələr var ki, vətəndaşın aylıq gəliri həmin məbləğdən aşağıdırsa, ona yardım formasında hər ay kompensasiya ödənilir. Azərbaycanda isə ünvanlı dövlət sosial yardımı üçün müraciət edən vətəndaşın aylıq gəlirinin ehtiyac meyarından nə qədər az olduğuna ən sonda baxılır. İlk olaraq ailənin evinə baxılır, yaşadığı şəraiti qiymətləndiirilir və sair. Ona görə də ehtiyac meyarının gələn ildən artmasının ünvanlı dövlət soial yardımı alanlara elə ciddi təsir edəcəyi gözlənilmir", deyə iqtisadçı bildirib.
Ünvanlı yardım nə qədər arta bilər?
Natiq Cəfərli deyir ki, ehtiyac meyarı artdıqdan sonra, sosial yardımda təxminən 5 faiz civarında artım olacaq. Onun sözlərinə görə, "Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi sosial yardıma ciddi təsir etməyəcək.
Qeyd edək ki, ünvanlı dövlət sosial yardımının verilməsi mexanizmi zaman-zaman müzakirələrə səbəb olub. Milli Məclisin üzvü Razi Nurullayev Sputnik Azərbaycan-a bildirib ki, adına quru torpaq, avtomobil olan şəxslərə də ünvanlı dövlət sosial yardıma görə imtinalar gəlir.
Xatırladaq ki, kəndlərdə az qala yumurtlayan toyuğu olanlara belə bunu gəlir yeri kimi görüb ünvanlı dövlət sosial yardımı verməkdən imtina hallarının olduğuna dair şikayətlər də tez-tez sosial şəbələrdə yer alır. Məlumatlara görə, Zaqatalada yumurtlayan ördəyi olduğuna görə vətəndaşa ünvanlı sosial yardım verilməsindən imtina edilib.