Qarabağın dirçəlişi və reinteqrasiyası

Kəlbəcərdə külək elektrik stansiyası tikiləcək - Sənəd imzalanıb

Külək elektrik stansiyasının 200-240 MVt gücündə 2028-ci ilin əvvəlində kommersiya fəaliyyətinə başlaması gözlənilir.
Sputnik
BAKI, 20 noyabr — Sputnik. COP29 çərçivəsində Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (BOEMDA), Clean Energy Invest LLC və Baltech Green LLC arasında Kəlbəcər Külək Elektrik Stansiyasının inkişafına dair Anlaşma Memorandumu (MoU) imzalanıb.
Bu layihə 3100 metr hündürlükdə həyata keçiriləcək unikal bir layihədir.
Clean Energy Invest LLC və Baltech Green LLC layihə çərçivəsində birgə müəssisə yaradaraq yaxın zamanda ölçmə kampaniyalarına və layihə hazırlıqlarına başlayacaq.
Külək elektrik stansiyasının 200-240 MVt gücündə 2028-ci ilin əvvəlində kommersiya fəaliyyətinə başlaması gözlənilir. Ərazinin yüksəkliyinin yaratdığı unikal şərait sayəsində layihənin ümumi gücünün gələcəkdə 600 MVt-a qədər çatdırılması potensialı mövcuddur.
"Bu, Azərbaycan üçün qürurverici bir andır. Yerli özəl investorlar ölkənin enerji keçidinə töhfə verməyə hazır olduqlarını nümayiş etdirirlər", Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev bildirib.
Baltech Green LLC-nin idarə heyətinin üzvü Volkan Gerdan vurğulayıb ki, Baltech Group Türkiyədə bərpa olunan enerji layihələrinin hazırlanması və idarə olunmasında uğurlu təcrübəyə malikdir. O, Kəlbəcər külək layihəsinin azad edilmiş ərazilərdə həyata keçirilməsinin şirkətin Azərbaycanın dayanıqlı inkişafına verdiyi əhəmiyyətin göstəricisi olduğunu qeyd edib.
Clean Energy Invest LLC-nin Müşahidə Şurasının sədri və AGEC-in baş icraçı direktoru Mir Camal Paşayev Kəlbəcər külək layihəsinin Azərbaycanın dekorbanizasiya və dayanıqlı inkişaf istiqamətində əhəmiyyətli bir addım olduğunu vurğulayıb. Eyni zamanda, Baltech Green LLC-nin idarə heyətinin sədri Bülənt Karani hər iki tərəfin bərpa olunan enerji sahəsini inkişaf etdirmək və qlobal iqlim hədəflərini dəstəkləyən ortaq öhdəliklərini bir daha təsdiqləyib.