BAKI, 20 noyabr — Sputnik. Bütün tərəflər Ukrayna məsələsində təmkini qorumalı, dialoq yolu ilə gərginliyin azaldılmasına yardım edilməlidir. Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Tszyan bildirib.
O qeyd edib ki, Ukrayna böhranı məsələsində Çinin mövqeyi ardıcıl və aydındır.
"Çin bütün tərəflərin vəziyyətin stabilləşməsinə töhfə verəcəyinə ümid edir. Ukrayna böhranının siyasi həlli ilə bağlı mövqeyimiz dəyişməyib. Bu məsələdə konstruktiv rol oynamağa davam edəcəyik", diplomat bildirib.
Bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putinin "Rusiya Federasiyasının nüvə silahının tətbiqi sahəsində dövlət siyasətinin əsaslarının təsdiq edilməsi haqqında" fərmanı dərc edilib. Sənəddə digər məsələlərlə yanaşı qeyd edilir ki, Rusiyanın nüvə silahından istifadə imkanını şərtləndirən səbəb aerokosmik hücum silahlarının, o cümlədən qanadlı raketlərin və dronların kütləvi şəkildə havaya qalxması və onların Rusiya Federasiyasının sərhədindən keçməsidir.
Bundan əvvəl "New York Times" qəzeti ABŞ administrasiyasının adının açıqlanmayan nümayəndələrinə istinadən yazıb ki, ABŞ prezidenti Co Bayden ilk dəfə olaraq Ukraynaya Rusiya ərazisinə hücum etmək üçün uzaqmənzilli raketlərdən istifadə etməyə icazə verib. Mənbələrin məlumatına görə, Rusiya ərazisinin dərinliklərinə ilk zərbələr böyük ehtimalla ATACMS raketlərindən istifadə edilməklə həyata keçiriləcək. Aİ diplomatiyasının rəhbəri Josep Borrell iddia edir ki, belə icazə Rusiya Federasiyasına 300 kilometr radiusda edilən hücumlara şamil edilir.
Ukrayna mediası RBC-Ukraine və Censor.NET noyabrın 19-da yazıb ki, Ukrayna Silahlı Qüvvələri ilk dəfə beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində Rusiya ərazisinə ATACMS ballistik raketləri ilə hücum edib. Lakin daha sonra Ukraynanın "Kanal 24" telekanalı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bu məlumatı təsdiqləmədiyini bildirib.
Daha sonra Rusiya Müdafiə Nazirliyi bildirib ki, noyabrın 19-na keçən gecə Ukrayna Silahlı Qüvvələri Bryansk vilayətinə altı ATACMS ballistik raketi ilə zərbə endirib. Məlumata görə, raket əleyhinə döyüş nəticəsində S-400 hava hücumundan müdafiə sistemi və "Pantsir" hava hücumundan müdafiə raket kompleksinin döyüş ekipajları 5 raketi vurub, 1 raketi zədələyib. Raketin hissələri Bryansk vilayətindəki hərbi obyektin texniki ərazisinə düşüb və yanğın dərhal söndürülüb. Tələfat və dağıntı yoxdur.