TƏHLİL

Azərbaycan futbolu ölüb, basdıranı yoxdur

Azərbaycan futbolundakı acınacaqlı vəziyyətin səbəblərini xaricdən ölkəyə yeni gətirilmiş dünya şöhrətli mütəxəssisin üstünə atmaq sadəlövhlük və qeyri-peşəkarlıqdır.
Sputnik
BAKI, 20 noyabr — Sputnik. Azərbaycanın futbol üzrə yığma komandasının Millətlər liqasının C divizionunda yaşadığı "məcara" başa çatdı. 6 oyunda cəmi bir xal toplayan millimiz, C divizionunda mübarizə aparan komandalar arasında axırdan ikinci nəticə göstərərək, ən aşağı, D divizionuna çıxdı.
Bu xəbər nə qədər acınacaqlı olsa da, onun müsbət tərəfi də var. Məsələn o fakt ki, bu divizionda millimizin rəqibi nə İsveç, nə Slovakiya olmayacaq. O hətta Estoniya ilə də üzləşməyəcəyik.
Gələn il Azərbaycan futbolçuları Andorra və Lixtenşteyn yığmaları, eləcə də Cəbəllütariq və Malta yığmalarının C divizionunun ən yaxşı dördüncü komandaları arasında keçirilən görüşlərin məğlubları qarşılaşacaqlar.
Santuşun rəhbərliyi ilə keçən bir mövsüm
Hazırda futbol mütəxəssisləri və azarkeşləri arasında ən çox müzakirə olunan məsələ portuqaliyalı məşqçinin ötən müddət ərzində gördüyü işin nəticələridir. Söhbət əldə edilən uğurdan gedərsə, vəziyyət haqqında heç danışmağa dəyməz. Qitənin ən zəif komandaları arasında qərarlaşmağın özü bu suala dəqiq cavab verir. Əvvəlki oyunlarda komanda qol vurub yaxşı nəticə göstərməsə də, heç olmasa, nə isə nümayiş etdirirdi. İsveçlə oyunda heç bu da olmadı. Bunu hətta Fernandu Santuşun özü də etiraf etdi.
Şübhə yox ki, bir yüksək səviyyəli mütəxəssis olaraq Santuş bu dərsdən nəticə çıxaracaq və gələcək üçün planlarını hazırlayacaq. Müsbət haldır ki, o nə dayanmaq, nə də işini atıb qaçmaq istəyir.
Məğlubiyyətlərimiz səbəbi nədir?
Vəziyyəti təhlil edənlərin çoxu uğursuzluqların səbəbini baş məşqçidə görür. Bu artıq bir ənənəyə çevrilib. Milliyə rəhbərlik edən azərbaycanlı mütəxəssislər bəyənilmədi və ölkəmizə Braziliya, Almaniya, Xorvatiya, İtaliya kimi futbol ölkələrini təmsil edən mütəxəssislər gətirildi. Təəssüf ki, yüksək nəticə əldə olunmadı və yığmamız bölgənin ən zəif komandası kimi tanındı. Bütün günahlar isə baş məşqçilərin üzərində qaldı.
Hazırkı baş məşqçi Portuqaliya yığması ilə böyük uğurlara imza atsa da, Azərbaycanda onu "daş-qalaq" edirlər.
"Santuş sərəncamında olan futbolçularla işləmək məcburiyyətindədir. Azərbaycanda Ronaldu, yaxud onun komanda yoldaşları səviyyəsində oyunçular yoxdur" - deyə idman şərhçilərindən biri haqlı olaraq qeyd etmişdi.
Bu fikirdən belə bir sual doğur: Necə olur ki, cəmi 4 milyon əhalisi olan Xorvatiya adını Avropa və Dünya üzrə futbol çempionatlarının tarixinə yazır, 10 milyonluq Azərbaycan isə heç onların final mərhələsinə vəsiqə belə qazana bilmir?!
Futbol məhəllədən başlayır
Əslində futbol üzrə yığmaların məşqçiləri ölkənin yüksək səviyyəli futbolçularını bir araya yığmaqla, onları qarşıya qoyulan taktiki tapşırıqları yerinə yetirməyə sövq edirlər. Oyunçuların peşəkarlığı onların bu tapşırığı tez qavrayaraq yüksək səviyyədə icra etməsinə gətirib çıxarır.
Bəs bu peşəkarlıq harada əldə olunur?
Futbolçuların formalaşması gənc yaşlardan, hələ məhəllə futbolundan başlayır. Daha sonra peşəkar mütəxəssislər onların uşaq komandalarında püxtələşməsini təmin edir. Növbəti mərhələdə isə yerli klubların mütəxəssisləri onları yarımpeşəkar və peşəkar komandalarda inkişaf etdirməyə çalışır.
Bu qədər sadə.
İndi yaxşı olar ki, hər birimiz məsələyə məhz bu prizmadan baxaq və ölkəmizdə futbol təsərrüfatının vəziyyəti ilə bağlı nəticə çıxaraq. Daha sonra millinin vəziyyəti, məşqçisinin fəaliyyəti və oyunların nəticəsini təhlil edək.