SƏHİYYƏ

Beyin qanamaları, hidrosefaliya xəstəlikləri xidmətlər zərfinə salınır

Xidmətlər Zərfinə göz xəstəliklərinin müalicəsi, görmə qabiliyyətinin yaxşılaşdırılması, görmə itkisinin qarşısının alınmasına yönəlik oftalmoloji xidmətlərin də əlavə olunması planlaşdırılır.
Sputnik
BAKI, 19 noyabr — Sputnik. İcbari tibbi sığortada istifadə olunan Xidmətlər Zərfinə yeni xəstəliklər əlavə olunacaq. Bunlar əsasən, neyrocərrahiyyə və göz xəstəlikləri ilə bağlıdır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Xidmətlər Zərfinə əlavə olunması planlaşdırılan sinir sistemi və gözdə aparılan əməliyyatlar haqqında müzakirələr aparılıb.
İcbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin yenilənməsi məqsədilə təşkil edilən növbəti ictimai müzakirələrdə Azərbaycan Neyrocərrahlar Assosiasiyası və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin üzvləri, TƏBİB və Səhiyyə Nazirliyinin tabeliyindəki tibb müəssisələrinin neyrocərrahları, oftalmoloqları və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) nümayəndələri iştirak ediblər.
Tədbirləri giriş sözü ilə açan Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova qeyd edib ki, müzakirələrin məqsədi neyrocərrahiyyə və oftalmoloji xidmətlərlə bağlı yenilənəcək Xidmətlər Zərfində həkimlərin gözləntilərini və fikirlərini öyrənməkdir. Tibbi xidmətlərin tənzimlənməsi və texniki qaydaları şöbəsinin müdiri Səlim Hüseynzadə təklif olunan dəyişikliklərlə bağlı təqdimatla çıxış edib.
Təkliflər qəbul edilərsə, açıq və qapalı kəllə-beyin travmaları, beyin qanamaları, kəllə sümüyünün iltihabı prosesi, hidrosefaliya (beyin mədəciklərində mayenin normadan artıq yığılması), baş beyinin ocaqlı patologiyaları, beyin kistaları və şişlərin müayinə və cərrahi müalicəsi, onurğa beyni və onurğa sütununun anadangəlmə yırtığının bərpası, kəllə-beyin sinirlərin biopsiyası ilə bağlı mövcud olan tibbi xidmətlərin çeşidinin artırılması mümkün olacaq.
"Ventrikulyar şuntun reviziyası, çıxarılması və irriqasiyası" xidmətində 3 tibbi proseduru bir kod əhatə etdiyi üçün Xidmətlər Zərfindən çıxarılaraq ayrı-ayrı xidmət kimi kodlaşdırılması təklif olunub. Digər 7 cərrahi xidmətin tətbiqi qeyri-müəyyən olduğu üçün onların nizamlanması müzakirə olunub.
Xidmətlər Zərfinə göz xəstəliklərinin müalicəsi, görmə qabiliyyətinin yaxşılaşdırılması, görmə itkisinin qarşısının alınmasına yönəlik oftalmoloji xidmətlərin də əlavə olunması planlaşdırılır. Bura torlu qişa qopması diaqnozu ilə aparılan cərrahi əməliyyatdan sonra implantasiya edilən materialın (silikonun) çıxarılması, göz yaşı vəzinin tam və hissəvi çıxarılması, gözün selikli qişasından xoşxassəli böyümənin (pteriqium) çıxarılması, gözün torlu qişa zədələnməsinin qeyri-invaziv bərpası və digər xidmətlər daxildir.
Həkimlər təklif edilən dəyişiklikləri müsbət qiymətləndiriblər. Xidmətlərin tarifikasiyasına gəlincə bu barədə təkliflərini yazılı formada təqdim edəcəklərini bildiriblər.
Qeyd edək ki, analoji müzakirələrin həmçinin travmatologiya, pediatriya və digər xidmətlərə dair aparılması da nəzərdə tutulub.