BAKI, 19 noyabr — Sputnik. Azərbaycanda insult mərkəzinin yaradılması nəzərdə tutulur. Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov bildirib. E.Qasımov deyib ki, həmçinin yuxu laboratoriyasının yaradılması da planlaşdırılır.
"Yuxu problemlərindən əziyyət çəkənlər üçün dünyada xüsusi yuxu laboratoriyaları mövcuddur. Dövlət tibb müəssisələri arasında ilk belə yuxu laboratoriyası Respublika Klinik Xəstəxanasında yaradılacaq. Yuxu laboratoriyasında yaradılmış xüsusi otaqda bir gecə videomüşahidə altında yatan pasiyentin 8 saat ərzində demək olar ki, bütün fizioloji funksiyaları monitorinq edilir. Monitorinqə beyin potensialları, qanda oksigen təminatı, tənəffüs sanksiyası, xoruldama, əzələ tonusu, gözün hərəkəti, ürəyin fəaliyyəti, nəbzin diaqnostikası və s. kimi təhlillər daxildir", - deyə Elviz Qasımov bildirib.
O, əlavə edib ki, həmçinin tibb müəssisəsində ürək-damar cərrahiyyəsi əməliyyatlarının, angioqrafiya prosedurunun icrası və insult mərkəzinin yaradılması da planlaşdırılır.