İQTİSADİYYAT

Azərbaycanda elektrik enerjisinin ixracı niyə azalıb?

Ekspert bildirib ki, azad edilmiş ərazilərdə məskunlaşma, təmir-tikinti işləri artdıqca elektrik enerjisinə tələbat da yüksəlir. Tələbatın yüksəlməsi həmin bölgələrə yeni xətlərin çəkilməsinə, elektrik enerjisi sərfiyyatının artmasına səbəb olur.
Sputnik
BAKI, 19 noyabr — Sputnik. Azərbaycanda elektrik enerjisinin ixracında azalma qeydə alınıb. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan 74,5 milyon dollar dəyərində elektrik enerjisi ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 77,4 faiz azalma deməkdir. Bu ilin yanvar-sentyabr aylarında ölkəmizdən 1,3 milyard kilovat-saat elektrik enerjisi ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 56,4 faiz azdır. Beləliklə, hesabat dövründə elektrik enerjisinin ixracı həm dəyər baxımından həm də miqdar baxımından aşağı düşüb.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın ixrac etdiyi hər min kilovat-saat elektrik enerjisinin orta ixrac qiyməti 93,7 manat təşkil edib. Bu da illik müqayisədə 48,3 faiz azalma deməkdir.
Bəs, ixracın azalmasının səbəbləri nə ola bilər?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a bildirib ki, ölkədə qazla işləyən elektrik enerjisi istehsal edən stansiyalar var:

"Ola bilər modul tipli qazla işləyən elektrik stansiyalarının işinə müəyyən fasilələr verilib. Təbii qaza ehtiyac böyükdür və Gürcüstan, Türkiyə və əsasən də Avropa İttifaqı ölkələri qarşısında bizim öhdəliyimiz var. Böyük ehtimal qazla işləyən elektrik stansiyalarının işinə fasilələr verildiyi üçün ixracda azalma olub. Əsas səbəblərdən biri bu, ola bilər. Çünki bir neçə il bundan öncə elektrik enerjisinin böyük hissəsi məhz qazla işləyən elektrik stansiyalarında istehsal edilirdi. Yəqin ki, təbii qaza tələb artdığından qazla işləyən həmin stansiyalarda elektrik enerjisinin istehsalı xeyli dərəcədə azalıb".

Ekspert bildirib ki, elektrik enerjisinin ixracında azalmanın digər səbəbi işğaldan azad edilmiş ərazilərdə məskunlaşma, təmir-tikinti işlərinin artması ilə bağlıdır:
"Çünki işğaldan azad edilmiş ərazilərdə məskunlaşma, təmir-tikinti işləri artdıqca elektrik enerjisinə tələbat da yüksəlir. Tələbatın yüksəlməsi həmin bölgələrə yeni xətlərin çəkilməsinə, elektrik enerjisi sərfiyyatının artmasına səbəb olur. Bu da ixracın azalmasına səbəb ola bilər".
Natiq Cəfərli
Ekspertin fikrincə, digər tərəfdən, xaricdə elektrik enerjisinin qiymətinin aşağı düşməsi də ixracın sərfəliliyini xeyli azalda bilər.
"Elektrik enerjisi nə qədər istehsal edilibsə, o qədər də satılmalıdır"
Enerji məsələləri üzrə ekspert İlham Şaban isə Sputnik Azərbaycan-a bildirib ki, digər enerji daşıyıcılarından fərqli olaraq elektrik enerjisini saxlamaq mümkün deyil:

"Elektrik enerjisi nə qədər istehsal edilibsə, o qədər də satılmalıdır. Təbii qaz da buna bənzərdir, amma müəyyən həcmdə qaz saxlamaq üçün yeraltı anbarlar inşa etmək olur. Ancaq faktiki olaraq elektrik enerjisini saxlamaq üçün bu imkan yoxdur".

Ekspert bildirib ki, həm daxili, həm də xarici bazarda elektrik enerjisinin alışında azalma müşahidə olunur: "Rusiyada, Gürcüstanda və Türkiyədə elektrik enerjisinin istehlakı azalıb. Havaların mülayim keçməsi nəticəsində elektrik enerjisinə tələbat azalıb və buna uyğun da istehsal həyata keçirilib. Elektrik enerjisinin istehsalı birbaşa iqlim amillərinə bağlıdır".
Hansı ölkələrə elektrik enerjisi ixrac edirik?
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycandan Rusiyaya, Gürcüstana, İrana və Türkiyəyə elektrik enerjisi ixrac edilib. Bu ilin yanvar-sentyabr aylarında respublikada elektrik enerjisinin istehsalı 19,8 milyard kilovat-saat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz çoxdur.
Xatırladaq ki, Energetika Nazirliyinin məlumatına görə, keçən il ölkədə elektrik enerjisinin istehsalı illik müqayisədə 0,9 faiz artaraq 29,2 milyard kilovat-saat olub. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, keçən il Azərbaycandan 402,5 milyon dollar dəyərində elektrik enerjisi ixrac edilib ki, bu da illik müqayisədə 3,3 dəfə çoxdur.
Energetika Nazirliyinin məlumatına görə, enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir.
Onu da əlavə edək ki, bu ilin may ayında Prezident İlham Əliyev Laçın rayonunda "AzərEnerji" ASC-nin "Zabux" və "Qarıqışlaq" Kiçik Su Elektrik Stansiyalarının açılışlarında iştirak edib. Dövlət başçısına məlumat verilib ki, ölkənin enerji sistemi tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzur regionlarının elektrik enerjisi tələbatı 100 faiz yaşıl enerji hesabına təmin edilir və tələbatdan artıq qalan həcm ölkə enerji sisteminə ötürülür. Perspektiv layihələr də nəzərə alınsa, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra edilmiş və icrası gözlənilən yaşıl enerji layihələri ümumilikdə 1100 meqavat təşkil edir ki, bu da regionun mövcud enerji tələbatından 12-15 dəfə çoxdur.
İQTİSADİYYAT
Günəş elektrik enerjisi istehsalı doqquz dəfədən çox artıb - Nazir
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.