BAKI, 18 noyabr — Sputnik. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan milli pavilyonunda "İqlim dəyişikliyi fonunda Xəzər dənizinin səviyyəsinin azalması" mövzusunda Xəzəryanı ölkələrin rəsmilərinin toplantısı keçirilib.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə Konvensiyası Katibliyinin birgə təşkilatçılığı ilə təşkil olunan toplantıda Xəzəryanı ölkələrin - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın nümayəndələri, rəsmiləri, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva iqlim dəyişmələri nəticəsində son illərdə Xəzər dənizinin səviyyəsində baş verən azalmalara diqqət çəkib, bu unikal ekosistemin qorunması üçün regional əməkdaşlığın vacibliyini vurğulayıb. Nazir müavini səviyyə dəyişikliklərinin hərtərəfli öyrənilməsi və uyğunlaşma tədbirlərinin hazırlanması üçün Xəzəryanı ölkələrin ekspertlərinin birgə fəaliyyətinin əhəmiyyətini qeyd edib.
Tədbir çərçivəsində UNEP-in icraçı direktoru İnger Andersen tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə UNEP-in birgə əməkdaşlığı əsasında hazırlanan "Xəzər dənizi səviyyəsinin tərəddüdləri və iqlim dəyişmələri" adlı hesabat təqdim olunub.
Dünya Bankının və Yaşıl İqlim Fondunun nümayəndələri də mövzu ilə bağlı təqdimatlarlarla müzakirələrdə iştirak ediblər.
Tədbirin sonunda, “Xəzəryanı dövlətlərin nazirlərinin və yüksəkvəzifəli şəxslərinin Xəzər dənizi səviyyəsinin azalması ilə bağlı əməkdaşlığın gücləndirilməsi haqqında Bəyannamə” qəbul edilib.
COP29 nədir?
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) hər il keçirilir və sədrlik BMT-nin beş regionu arasında rotasiya olunur.
Azərbaycan Tərəflər Konfransının bu ilin noyabrında Bakıda keçiriləcək 29-cu sessiyasına (COP29) sədrlik edəcək. Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində zəngin təcrübəyə malikdir. Tədbirin keçiriləcəyi məkan olaraq Bakı Stadionu seçilib.
Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40 faiz azaldılmasından ibarətdir.
Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını "Yaşıl enerji" zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək "Netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.