BAKI, 18 noyabr — Sputnik. Ukrayna münaqişəsinin hərbi toqquşmalar xətti boyunca dondurulması variantı Rusiya üçün qəbuledilməzdir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rəcəb Tayyib Ərdoğanın Ukrayna münaqişəsinin dondurulması təklifini təqdim etmək təşəbbüsü ilə bağlı xəbərləri şərh edərkən bildirib.
Bloomberg mənbələrə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Braziliyada keçiriləcək G20 sammitində cəbhə xəttində Ukrayna münaqişəsinin dondurulması təklifini təqdim edəcək. Adı çəkilməyən mənbələrin məlumatına görə, Türkiyə prezidenti Kiyevə Rusiyaya "güzəşt" olaraq NATO-ya daxil olmaq üzrə danışıqları ən azı on il təxirə salmağı təklif edəcək. Ərdoğanın təklifi Donbassın şərqində "demilitarizasiya zonası"nın yaradılmasını nəzərdə tutur. Ərdoğan Kiyev üçün "əlavə təminat" olaraq bu əraziyə "beynəlxalq qoşunlar" yerləşdirməyi təklif edəcək və Ukraynanı NATO-ya qoşulmamağa razılıq verdiyi üçün hərbi təchizat şəklində yardım alacağına əmin edəcək.
"Bilirsiniz ki, döyüş xətti boyunca hansısa dondurma variantı Rusiya tərəfi üçün apriori qəbuledilməzdir", – Peskov deyib.
Kreml rəsmisi vurğulayıb ki, bu halda Rusiya prezidenti Vladimir Putin tərəfindən formalaşdırılan şərtlər öz aktuallığını tam saxlayır.
"Döyüşləri dayandırmaq üçün bunu etmək lazımdır", – Peskov əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.